Günel Fərhadqızı: "ABŞ firmaları Ermənistanın indiki iqtisadi mühitini risqli saydığı üçün belə risqə getməz"
ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz ölkəsinin tanınmış kompaniyalarının rəhbərlərinin də qatıldığı mətbuat konfransında maraqlı açıqlama ilə çıxış edərək bildirib ki, Vaşinqton həmin ölkənin elektroenergetika sahəsinə 8 milyard investisiya qoymaqda maraqlıdır. Bu açıqlamadan sonra Ermənistanın baş naziri dərhal səfiri qəbul edib.
Ermənistan mətbuatı yazır ki, ABŞ səfiri bunun üçün şərtlər də irəli sürüb. Bildirib ki, Ermənistanın daxilində olan rəqabət mühiti hazırda buna imkan vermir. Sağlam rəqabət mühitini yaratmaq üçün Ermənistan hakimiyyəti ciddi islahatlar aparmalıdır. Erməni KİV-i yazır ki, ABŞ-ın başlıca tələbi İran və Rusiya şirkətləri ilə İrəvanın bir qədər məsafəli davranması ola bilər.
ABŞ səfiri 8 milyardlıq investisiya anonsunu nə məqsədlə verə bilər?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə bildirdi ki, ABŞ-ın deyilən məbləğdə investisiyanı Ermənistana yatıracağı inandırıcı görünmür: "ABŞ səfirinin verdiyi açıqlama Ermənistanın daxili rəyində bomba effekti verib. Çünki dilənçi vəziyyətində yaşayan ölkəyə 8 milyard pulun qoyulması onlar üçün başgicəlləndirən təsirə malik olub. Səfirin bu açıqlamasından sonra Ermənistanın daxili müzakirələrində belə bir detala da toxunulur ki, ABŞ bu pulu İrəvana Rusiya və İrandan uzaq durandan sonra verə bilər. Hətta ölkə daxilində sərbəst rəqabət mühitini formalaşdıra bilmədiyinə görə prezident Sarkisyan da sərt tənqid edilir. Ermənistanın enerji tələbatının böyük bir hissəsi AES hesabına ödənilir. Çox güman ki, ABŞ həmin AES-in ləğvində maraqlıdır və ayrılacaq investisiyanın müqabilində onun bağlanması da tələb edilə bilər. Hesab edirəm ki, bu anons daha çox siyasi mahiyyət daşıyır və Ermənistanın daxili rəyində fəallaşma üçün bir impuls rolunu oynamağa hesablanıb. ABŞ bu cür manevrlərilə Ermənistanı Rusiya və İrandan uzaqlaşdırmaq istəyir. Çünki həmin ölkəyə, faktiki olaraq, İran və Rusiya nəfəslik verir. Rusiyadan Ermənistanın elə asılılığı var ki, müstəqil qərar qəbul edə bilməz. 8 milyardlıq investisiyanın Ermənistana qoyulması başqa nəticələr üçün də hesablana bilər. Bunu Sarkisyan da gözəl anlayır ki, hətta bu qalmaqal onun devrilməsilə də nəticələnə bilər. İqtisadi cəhətdən isə bunu mümkünsüz hesab edirəm. Çünki ABŞ firmaları Ermənistanın indiki iqtisadi mühitini risqli saydığı üçün, belə risqə getməz. Heç bir iqtisadi perspektivi olmadığı üçün, 8 milyardın Ermənistana yatırılacağına inanmıram. Həm də həmin layihə elə bir rentabelliyə malik deyil ki, ABŞ firmaları bunun üçün ölüm-dirim savaşına girsin".
Məhəmmədəli QƏRİBLİ