Həlli uzanan Dağlıq Qarabağ münaqişəsi bu gün təkcə region yox, daha geniş məkanda ciddi təhdid mənbəyi sayılır. Xüsusən də sözügedən münaqişənin çözümü hərbi müstəviyə keçəcəyi təqdirdə onun qonşu dövlətlərə, hətta Avropaya təsirlərinin kifayət qədər ciddi olacağına dair xəbərdarlıqlar gedərək artır. Bu mənada hesab olunur ki, vasitəçi ölkələr, eləcə də beynəlxalq ictimaiyyət konfliktin sülh yolu ilə həllinə nail olmaq üçün nəhayət ortaya real iradə qoymalı, konkret səylər göstərməlidir. Əks halda Qarabağ münaqişəsinin yaratdığı təhdidin miqyası böyüməkdə davam edəcək.
Məsələnin bu aspektinə nəzər salan Avropa Komissiyası tərəfindən hazırlanan "Avropa qonşuluq siyasətinin reallaşdırılmasına dair" adlı hesabatda qeyd olunur ki, uzun illərdir davam edən konflikt sülh müstəvisində mümkün qədər tez həllini tapmalıdır: "Avropa İttifaqı (Aİ) status-kvonun davamlı olmadığı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Münaqişə beynəlxalq hüquq normalarına uyğun olaraq tez bir zamanda siyasi yolla həll olunmalıdır. Avropa İttifaqı bu məsələdə ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərini və təkliflərini tam olaraq dəstəkləyir". Hesabatda o da xatırlanır ki, 2016-cı ildə Qarabağ münaqişəsi bölgəsində ciddi gərginlik yaşanıb: "Avropa İttifaqı hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə, ritorikanı yumşaltmağa və ATƏT-in Minsk Qrupunun himayəsi altında predmet sülh danışıqlarında iştirak etməyə çağırmağa davam edir. Avropa İttifaqının xüsusi nümayəndəsinin regiona tez-tez baş tutan səfərləri Minsk Qrupunun həmsədrlərini dəstəkləyir və münaqişənin dinc yolla həllində maraqlı olduğunu göstərir". Sözügedən hesabatda diqqət çəkən mühüm məqamlardan biri, heç şübhəsiz, Qarabağ münaqişəsinin siyasi yolla həllnin tezləşdirilməsinin ön plana çıxarılmasıdır. Hesab edilir ki, bununla Avropa İttifaqı məsələni kifayət qədər açıq şəkildə qoyur və sülh danışıqlarından yayınan Ermənistana açıq mesajlar göndərir. Çünki hazırda məhz Ermənistan məsələnin sülh yolu ilə həllini ehtiva edən danışıqlar prosesindən yayınır. Amma görünən odur ki, bu mövqe Avropa İttifaqı tərəfindən də qəbul edilmir. Şübhəsiz ki, məsələyə belə yanaşma sərgilənməsində Azərbaycan tərəfinin həyata keçirdiyi diplomatiyanın xüsusi rolu var.
Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, Qarabağ münaqişəsinin mövcudluğu Avropanın özünə də ciddi təhdid yaradır. Bu təhdidin aradan qaldırılması üçün Avropa İttifaqı məsələnin dinc müstəvidə mümkün qədər tez həllini tapmasını zəruri sayır. Özü də bu zaman dövlətlərin ərazi bütövlüyü prinsipinin ön planda yer almasına xüsusi diqqət yetirilir. Bunu ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister də yenidən təsdiq etdi. Xatırladaq ki, Devid MakAlisterin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirib. Bu görüşlərdə xüsusi diqqət mərkəzində yer alan əsas məqamlardan biri məhz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub. Devid MakAlister bu xüsusda bildirib ki, nümayəndə heyəti səfər zamanı Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyini bir daha nümayiş etdirib: "Biz eyni çağırışları və maraqları bölüşürk". Qeyd edək ki, bu məsələ Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında da əks olunub. Elə Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə xarici işlər naziri Elmar Məmmədyarov da bu məqamı növbəti dəfə qabardıb. Nazir, Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyada əks olunduğu kimi, həlli uzadılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında qeyri-seçimli və vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırıb. E.Məmmədyarov əlavə edib ki, güc tətbiqilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.
Real vəziyyət isə Azərbaycanın gördüyü işlər sayəsində Avropa İttifaqının Qarabağ konfliktinə diqqətinin daha da artmasına, bu istiqamətdə diplomatik fəallığının yüksəlməsinə gətirib çıxara bilər. Söhbət Ermənistan-Azərbaycan Sülh Platformasının Avropa Parlamentində də həyata keçirilməsindən gedir. Artıq Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bunun ilkin anonsunu verib: "Ermənistan-Azərbaycan Sülh Platformasının Avropa Parlamentində və başqa beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq". O bildirib ki, qarşılıqlı münasibətlər ikitərəfli olmalıdır: "Azərbaycan həm danışıqlara, həm də əlaqələri qurmağa hazırdır. Erməni tərəfinin razılığının olması isə sual altındadır. Avropa tərəfinə gəldikdə, əminəm ki, açıq, sərbəst və bu şəkildə təşkil olunmuş işlər həm Azərbaycan parlamenti, həm də Avropa Parlamenti arasında münasibətləri yüksək səviyyəyə qaldıracaq. Bununla da Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaq".
Xatırladaq ki, Ermənistan-Azərbaycan Sülh Platformasının bu gün Avropada tərəfdarları və ona qoşulanların sayı sürətlə artır. Hətta bu günlərdə Avropalı Jurnalistlər Assosiasiyası da bu platformaya qoşulub. Avropalı Jurnalistlər Assosiasiyasınına idarə heyətinin rəhbəri Adnan Fişenk bunu belə əsaslandırıb: "Mənim fikrimcə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yeganə düz yoldur. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə edirəm. Həmçinin, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulayıram. Eləcə də münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. Ermənilər və azərbaycanlılar əsrlər boyu sülh içində yaşayıblar. Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, münaqişənin həll olunmaması nəticəsində bu iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. İnsanların sülh şəraitində birgə yaşayışı və uzun müddət davam edən münaqişənin sülh yolu ilə həlli ideyasını tam dəstəkləyirəm. Yuxarıda qeyd etdiyim səbəblərə görə bu təşəbbüsə öz dəstəyimi ifadə edərək, əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm". Bununla yanaşı, Ermənistan-Azərbaycan Sülh Platformasına bu gün çoxsaylı Avropa ölkələrinin müxtəlif təmsilçiləri, deputatları qoşulub. Bu mənada hesab edilir ki, Ermənistan-Azərbaycan Sülh Platformasının Avropa Parlamentində də həyata keçirilməsi tamamilə mümkündür. Bu vəziyyət Avropanın Qarabağ münaqişəsi və onun həllinin vacibliyi üzərində diqqətinin daha çox cəmləşməsinə imkan vermək iqtidarındadır. Hazırda qeyd olunan istiqamətdə Azərbaycan tərəfi fəal iş aparmaqda davam edir. Bu isə Ermənistan-Azərbaycan Sülh Platformasının Avropa Parlamentində də həyata keçirilməsini mümkün hala gətirir. Hadisələrin gedişi erməni tərəfinin bu istiqamətdə müqavimətinin hansısa ciddi nəticə verməyəcəyini də qətiyyətlə deməyə əsas verir.
Amma Avropada diqqəti Qarabağ münaqişəsi üzərində cəmləşdirilən təkcə Avropa Parlamenti deyil. Avropa Şurasının gündəmində də məsələnin daimi diqqət mərkəzində saxlanması üçün zəruri addımlar atılır. Bu xüsusda Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rotun Avropa Şurasının Nazirlər komitəsinin Kiprdə keçirilən sessiyasında çıxışı zamanı səsləndirdiyi fikirlər və Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyətdən narahatlığını bildirməsi xüsusi diqqət cəlb edir. Diplomat separatçıların nəzarətində olan bölgələrdə insan haqları və beynəlxalq hüquq normalarına əməl olunması ilə bağlı vəziyyətin ciddi narahatlıq doğurmaqda davam etdiyini bildirib: "Avropa Şurasının insan haqları üzrə müvəkkilinin və digər monitorinq institutlarının bu regionlara qeyri-məhdud çıxış imkanlarını təmin etməyin vaxtı çatıb". Mixael Rot bildirib ki, bu çağırış Gürcüstana məxsus Abxaziya və Cənubi Osetiyaya, Dnestryanı bölgəyə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və yeddi ətraf rayonuna da aiddir. Diplomat Avropa Şurasını bu regionlardakı vəziyyəti monitorinq etməyə imkan yaradılmasına çağırıb və baş katib Turborn Yaqlandı öz səylərini bu istiqamətdə qətiyyətlə davam etdirməyə səsləyib. Xatırladaq ki, Azərbaycan da dəfələrlə işğal altındakı ərazilərimizin vəziyyətin araşdırılması üçün bölgəyə faktaraşdırıcı missiyaların gəlməsinin vacibliyini bəyan edib. Amma erməni tərəfi zəbt olunmuş ərazilərə belə missiyaların gəlməsini əngəlləyir. Bunun ciddi təhdid mənbəyi olmasını isə artıq Avropa Şurasında da açıq şəkildə etiraf edirlər. Bu mənada hesab olunur ki, Mixael Rotun çağırışları cavabsız qalmayacaq.
İndilikdə isə proseslərin gedişi Avropanın Qarabağ münaqişəsinə bundan sonra daha çox diqqət ayıracağını göstərir. Bu diqqət də konkret nəticələrə gətirib çıxarmazsa, onda elə Avropanın özü üçün də təhdid sayılan Qarabağ münaqişəsinin hərbi müstəvidə yenidən alovlanması qaçılmaz olacaq. Azərbaycan hələlik bu məsələdə ermənilərə, onun hamilərinə son şans verir. Bu şans düzgün dəyərləndirilməsə, hərbi əməliyyatlar yenidən bərpa olunacaq. Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev elə Avropada avropalıların diqqətinə bir daha çatdırıb: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. Amma bu yolla sülh əldə olunmasa, işğala son qoyulmasının başqa yollarını axtaracağıq". O, Dağlıq Qarabağ münaqişəsinin həllinin, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin əhəmiyyətini vurğulayıb və əlavə edib ki, regiondakı münaqişələrə seçmə yanaşma Azərbaycan və Ermənistan əhalisinə ziyan vurur: "Azərbaycan torpaqlarının 20%-i işğal olunub və nəticədə bir milyondan çox adam qaçqın və məcburi köçkünə çevrilib. Biz münaqişənin həllini üç mərhələdə görürük: torpaqların tədricən azad edilməsi, onların bərpa edilməsi və məcburi köçkünlərin tədricən geri qaytarılması". Rəsmi Bakının bu çağırışlarına məhəl qoyulmamasının alternativi isə müharibədir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.