Rusiya Dövlət Sosial Universiteti Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bu ölkənin Ədliyyə Nazirliyinə ünvanlanmış bəyanat yayıb. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bəyanatda bildirilir ki, Rusiya Dövlət Sosial Universiteti 10 ildən artıqdır ÜAK-la əməkdaşlıq edir. Bu illər ərzində sıx dostluq və işgüzar münasibətlərin inkişafı, mədəni, elmi və mənəvi əlaqələrin qurulması istiqamətində ÜAK-la birgə xeyli işlər görülüb.
Bəyanatda həmçinin vurğulanır ki, ictimai təşkilat olan ÜAK-ın yaradılması Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Bəyanatda bildirilir: "ÜAK-ın qeydiyyatı, təşkilatın gələcək taleyi ilə əlaqədar narahatlığımızı ifadə edirik. Belə təşkilatların fəaliyyəti Rusiya və Azərbaycan xalqı arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi, habelə Azərbaycan diasporunun Rusiyanın ictimai həyatında layiqli iştirakı üçün zəruridir”.
Paris Azərbaycan Evi ÜAK-la bağlı qərarı yanlış və qərəzli saydı
Paris Azərbaycan Evi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bəyanatda deyilir: “Ümumrusiya Azərbaycan Konqresi ətrafındakı vəziyyət bizi - xaricdə yaşayan bütün azərbaycanlıları çox narahat edir və bizim bu məsələ ilə bağlı mövqeyimizi ifadə etmək borcumuzdur”.
Bəyanatda qeyd olunur ki, Rusiya Federasiyası Ali Məhkəməsinin Ədliyyə Nazirliyinin təqdimatına əsasən, 15 may tarixində ÜAK-ın ləğvinə dair qərarı subyektiv xarakter daşıyır və göstərilən müddəalar ÜAK kimi böyük və əhəmiyyətli təşkilatın ləğvinə əsas ola bilməz.
Bəyanatda Rusiya ilə Azərbaycan arasında əsrlər boyu davam edən münasibətlərin dostluq və mehriban qonşuluq dəyərlərinə əsaslandığı xatırladılır. Vurğulanır ki, Rusiyada yaşayan çoxmilyonlu Azərbaycan icması ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında fəal iştirak edir, həmçinin bu insanlar seçkilərdə səsvermə hüququna malikdir və məsuliyyətli vergi ödəyicisidirlər. Ümummilli lider Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılmış ÜAK isə Azərbaycan icması ilə iki ölkə arasında, eləcə də iki xalq arasında körpü rolunu oynayıb.
Diaspor nümayəndələrinin fikrincə, hazırda belə bir təşkilatın bağlanması haqqında qəbul edilmiş qərar Rusiya Azərbaycan arasında dövlətlərarası əlaqələrə kölgə sala bilər: “Ona görə də biz, Paris Azərbaycan Evi kimi, dünya azərbaycanlılarının ciddi narazılıq və gərginlik yaradan Rusiya Federasıyasının Ali Məhkəməsinin qəbul etdiyi qərarı yanlış və qərəzli hesab edirik. Biz həmçinin, Rusiya hökumətinə müraciət edərək Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətləri təhlükə altında qoyan düşünülməmiş qərarı ləğv etməyə, onları erməni lobbisinin təxribatlarının əsiri olmamağa çağırırıq”.
Türkiyədəki Azərbaycan diasporu Rusiyanın ədalətli addım atımasını tələb etdi
Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Rusiya Federasiyası Ali Məhkəməsinin mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair qərarını ciddi narazılıqla qarşılayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilir ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İSTAD) bəyanat yayaraq Ali Məhkəmənin qərarını qınayıblar.
Bölgədə Rusiya, Azərbaycan və Türkiyə arasında hər zaman həmrəyliyin olduğunu və hazırda da bu münasibətlərin davam etdiyini diqqətə çatdıran diaspor nümayəndələri vurğulayır ki, Azərbaycan dövləti regionda Rusiyanın strateji maraqlarını daim nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq münasibətlərinin inkişafına dəstək göstərib.
Bəyanatda daha sonra deyilir ki, iki dövlət arasında tarixə söykənən dostluq münasibətlərini daha da inkişaf etdirmək yerinə, azərbaycanlıların birlik və həmrəylik təşkilatı olan ÜAK-ın qeydiyyatının ləğvi qəbulolunmazdır: “Verilmiş qərarın yanlış olduğuna inanır və Rusiya tərəfinin tezliklə ÜAK-ın qeydiyyat məsələsi ilə bağlı ədalətli addım atımasını tələb edirik”.
Misirdəki Azərbaycan diasporu ÜAK-la bağlı qərarı Rusiyadakı azərbaycanlılara qarşı hörmətsilik adlandırdı
Misirdəki Azərbaycan diasporu da Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda bildirilir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib: “Azərbaycan və Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərərək, bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib”.
Azərbaycanda rus xalqının hüquqularının qorunduğunu xüsusi vurğulayan bəyanat müəllifləri qeyd edir ki, ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımlar atıb və bu siyasət hazırda da davam etdirilir.
“Rusiyada isə bəzi anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir” deyən bəyanat müəllifləri ÜAK-ın bağlanması üçün göstərilən əsasların tam subyektiv olduğunu, həmin “dəlillərin” hər hansı qurumun ləğvi üçün yetərli olmadığını düşünür: “Bu qərar Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olacaq yalnış addımdır. Biz Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırırıq”.