Milli Məclisin mətbuat xidməti xəbər verir ki, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentində görüşləri davam edir.
Martın 7-də Aİ-Azərbaycan münasibətlərinə dair Avropa Parlamentində baş tutmuş uğurlu dinləmələrdən sonra Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və müavini Kamran Bayramov Avropa Parlamentinin bir sıra üzvləri və Avropa Xarici Siyasət İdarəsinin məsul nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan Respublikasının Belçikadakı səfiri Fuad İsgəndərov da iştirak edib.
Avropa Xarici Siyasət İdarəsinin Şərq Tərəfdaşlığı regionu, Mərkəzi Asiya, ATƏT ölkələri və Rusiya üzrə direktoru Lük Devin və onun siyasi müşaviri Asunsion Sançezlə görüşdə Azərbaycan-Aİ münasibətləri müzakirə olunub. Aİ rəsmiləri Azərbaycanın Avropa İttifaqı üçün vacib və etibarlı tərəfdaş olduğunu vurğulayaraq, əməkdaşlığımızı strateji səviyyəyə yüksəldəcək yeni müqavilə üzrə danışıqların başlamasından məmnun olduqlarını bildirib.
Növbəti görüşdə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri C.Feyziyev ölkədə və regionda baş verən son hadisələrlə bağlı Avropa Parlamentindən olan həmkarı Səyyad Kərimi ətraflı məlumatlandırıb. Cənab Səyyad Kərim AP-nin üç üzvünün işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfərini qətiyyətlə pisləyərək, şəxsi təşəbbüs əsasında baş tutmuş belə bir səfərdən təəssüfləndiyini və bu barədə Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatla çıxış etdiyini diqqətə çatdırıb. Gələcəkdə belə halların yaşanmaması üçün regionda baş verən hadisələr - Azərbaycan ərazilərinin işğal faktı və onun doğurduğu nəticələr haqqında AP üzvlərinin daha ətraflı məlumatlandırılması yönündə bir sıra önləyici tədbirlərin görülməsi qərara alınıb.
AP-nin İnsan Haqları Komitəsinin sədri Antonio Panzeri ilə görüşdə Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı son illərdə atılan addımlar, xüsusilə Konstitusiyaya edilən sonuncu əlavə və dəyişikliklər müsbət qiymətləndirilib. Millət vəkili Cavanşir Feyziyev Ermənistanın təcavüzü nəticəsində 1 milyon insanın hüquqlarının kobud şəkildə pozulduğunu Komitə sədrinin diqqətinə çatdırıb. Millət vəkili vurğulayıb ki, BMT-nin 4 qətnaməsinə, bir sıra beynəlxalq təşkilatların qərarlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qətnamələrə baxmayaraq, qaçqın və məcburi köçkünlərin fundamental hüquqlarının təmin olunması bugünə qədər mümkün olmayıb. Görüşdə, həmçinin, mülki şəxslərin - Şahbaz Quliyev və Dilqəm Əsgərovun 2 ildən artıqdır ki, erməni əsirliyində saxlanması və beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, onların bugünə qədər azad olunmaması faktının Azərbaycanda ciddi narahatlıq doğurduğu diqqətə çatdırılıb. AP-nin İnsan Haqları Komitəsinin deyilənlərlə bağlı mövqe bildirməsi və təcavüzkara qarşı mümkün təsir vasitələrinin işə salınması cənab Panzeridən xahiş olunub. Komitə sədri bu məsələnin diqqətdə saxlanacağını bildirib.
AP-nin Beynəlxalq Ticarət Komitəsinin Cənubi Qafqaz üzrə Monitorinq Qrupunun rəhbəri Hannu Takkula ilə görüşdə Azərbaycanla Aİ arasında ticarət münasibətləri, bu münasibətlərin inkişaf imkanları müzakirə olunub. Azərbaycanın mühüm geostrateji mövqeyini xüsusi diqqətə çatdıran cənab Takkula son illərdə Azərbaycanın Şərqlə Qərb arasında ticari münasibətlərin canlanmasında oynadığı mühüm rolu yüksək qiymətləndirib. Cənab Takkula Azərbaycanın regiondakı aparıcı rolunu nəzərə alaraq, Aİ-nin regional layihələrdə Azərbaycana xüsusi önəm verdiyini qeyd edib.
Səfərin üçüncü günündə AP üzvləri xanım Heydi Hautala, cənab Fabio Kastaldo, cənab Xavi Lopez, cənab Andrey Qrzib, xanım Ramona Manesku, xanım Norika Nikolayi, cənab Andrey Mamikins, cənab Kristian Dan Preda və cənab İvo Vayql ilə işgüzar görüşlər keçirilib, ikitərəfli münasibətlərə dair maraq doğuran məsələlər müzakirə olunub.
Görüşlərin sonunda MM Nümayəndə heyəti Avropa Parlamentində "Əli və Nino" filminin təqdimat mərasimində və premyerasında iştirak edib. Beləliklə, MM nümayəndə heyətinin Avropa Parlamentinə növbəti səfəri başa çatıb.
Baki-xeber.com