Qulu İsmayılov: "Buna görə də real vəziyyət Avrasiya İqtisadi Birliyinin iqtisadi cəhətdən səmərəli olmadığını təsdiqləmiş olur"
Ermənistan KİV-i Avrasiya İqtisadi Birliyində yaşanan vəziyyətlə bağlı olduqca bədbin bir proqnoz açıqlayıb. İddia olunur ki, qurumun 2016-cı il üçün təqdim etdiyi hesabatda geriləmə var. Xüsusilə də Birliyə daxil olan ölkələr arasında olan ticarət dövriyyəsinin 6,7 faiz aşağı düşdüyü bildirilir.
Hesabatda, həmçinin, qeyd olunur ki, qurumda təmsil olunan ölkələrin kənar dövlətlərlə olan ticarət münasibətlərində də geriləmə nəzərə çarpır. Yaranmış vəziyyət Avropa İqtisadi Birliyinin iqtisadi cəhətdən səmərəli olmadığının göstəricisi sayıla bilərmi?
İqtisadçı Qulu İsmayılov qəzetimizə açıqlamasında bildirdi ki, bunun bir sıra izahları ola bilər: "Əvvəla dünyada baş verən qlobal iqtisadi böhran fonunda Avrasiya İqtisadi Birliyində təmsil olunan ölkələrin bundan qoruna biləcəyi absurd görünür. Çünki bu ölkələr iqtisadi cəhətdən o qədər də böyük potensiala malik deyil. Bu qurum Rusiyanın orbitində yaranıb. Rusiyanın özünün son illər ərzində iqtisadi vəziyyəti ürəkaçan deyil. Ölkə, faktiki olaraq, ətraf aləmdən təcrid olunub, ağır iqtisadi sanksiyaların təsiri altında yaşayır. Bu da Birlikdəki işlərin heç də ürəkaçan olmadığına dair təsəvvür yaradır. Həmin qurumda təmsil olunan ölkələrdən biri də Ermənistandır. Ermənistan Rusiyanın təşəbbüsü ilə yaradılmış Avrasiya İqtisadi Birliyinə üzv olub. Bu Birliyə üzvlüyün zərurəti Ermənistanın siyasi və iqtisadi maraqları, həmçinin, təhlükəsizlik təsəvvürləri ilə əsaslandırılıb.
Ermənistanın ümumdaxili məhsulu (ÜDM) 2014-cü ildə 11,6 milyard ABŞ dolları təşkil edibsə, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2016-cı ildə 10,7 milyard dollar olub. Ermənistanın beynəlxalq ehtiyatları da azalıb. Bu, 2014-cü ildə ortalama 1,8 milyard dollar təşkil edibsə, Mərkəzi Bankın məlumatına görə, hazırda bu göstərici 1,7 milyard dollardan azdır. Ermənistanın xarici ticarət dövriyyəsində daha böyük tənəzzül qeydə alınıb. İdxalat 2014-cü illə müqayisədə 2016-cı ildə 28 % azalıb. Əvəzində Ermənistanın dövlət borcu çoxalıb. Bu, iki il öncə 4,4 milyard dollar təşkil edirdisə, indi 26 % artaraq 5,6 milyard dollara çatıb.
Yəni bildirmək istəyirəm ki, AİB-ə daxil olan ölkələrin hamısının iqtisadiyyatında belə mənfi tendensiya müşahidə olunur. Buna görə də real vəziyyət Avrasiya İqtisadi Birliyinin iqtisadi cəhətdən səmərəli olmadığını təsdiqləmiş olur".
Məhəmmədəli QƏRİBLİ