Aydın Mirzəzadə: "Bunun əvəzində isə biz ümumi ifadələr eşidirik"
"Münaqişənin həll olunması üçün tərəflərə siyasi iradə lazımdır". Bunu mətbuata açıqlamasında ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsdəri Ceyms Uorlik deyib.
Uorlik Ermənistan və Azərbaycan arasında sülh anlaşmasının əldə olunmasının vaxtının çatdığını deyib: "Ermənilər və azərbaycanlılar arasında sülh sazişinin imzalanmasının vaxtı çatıb, hər iki tərəf prezidentləri bu sazişi imzalamağa məcbur etməlidir. Çünki Ermənistan və Azərbaycan arasındakı ikinci müharibə daha qorxulu olacaq. Bu günədək təmas xəttində hansı proseslərin baş verdiyini bilmirik. Atəşkəsi hansı tərəfin pozduğu da naməlumdur. Keçən il aprel döyüşlərində çoxlu itkilər oldu. Silahlı qarşıdurma bu gün də davam edir, itkilərin nə qədər olması barədə xəbərsizik".
Ceyms Uorlik mövcud status-kvo ilə anlaşmanın mümkün olmadığını diqqətə çatdırıb: "Status-kvo stabil deyil, bu, növbəti müharibə təhlükəsini labüd edir. Lakin sülh anlaşması vəziyyəti dəyişəcək. Bu münaqişənin həlli Ermənistana iqtisadi inkişaf gətirəcək. Münaqişənin həll olunmamasına gəlincə, bunun üçün tərəflərə siyasi iradə lazımdır. Hər iki prezident münaqişənin həllinə hazır olmalıdır. Hər ikisi sülhün vaxtının çatdığına qərar verməlidir. Prezidentlər vətəndaşlarını sülhə hazırlaşdırmalıdır. Dağlıq Qarabağın statusu müəyyən olunmalıdır, amma işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması da müzakirə mövzusu olmalıdır".
Çox təəssüflər olsun ki, bu dəfə də keçmiş həmsədr tərəflərin məsuliyyət məsələsini bərabərləşdirib. Münaqişənin həlli üçün tərəflərin siyasi iradəsinin olmasını önə çəkib. Azərbaycan qədər münaqişənin həllində maraqlı olan ikinci tərəf yoxdur. Ancaq keçmiş həmsədr bu məsələdə məsuliyyəti eyniləşdirir. Bu nə dərəcədə doğrudur? Məsələyə münasibət bildirən millət vəkili, politoloq Aydın Mirzəzadənin sözlərinə görə, Uorlikin yanaşması qüsurludur: "Onun yanaşmasında beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edən mövqe var. Ortada Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi və ölkənin ərazi bütövlüyünü tanımaqdan imtina etməsi faktı durur. ATƏT-in Minsk Qrupu, öz mandatına uyğun olaraq, işğal faktoruna son qoymağa çalışmalıdır. Əvəzində isə biz diplomatik çağırışlar, hər iki tərəfi tərəzinin bir gözünə qoymaq və hansısa abstrakt fikirlər eşidirik. Nəzərə almaq lazımdır ki, Azərbaycan öz tərəfindən bütün güzəştləri edib. Azərbaycan danışıqlara üstünlük verir, hərbi əməliyyatlar keçirmir, böyük dövlətlərdən problemin həllinə ciddi yanaşmalarını tələb edir. Bunun əvəzində isə biz ümumi ifadələr eşidirik. Heç bir halda, torpağı işğal olunan dövlət güzəştə gedə bilməz. Onun yeganə güzəşti problemin sülh yolu ilə həllinə razılıq verməkdir. Belə olmazsa, o zaman dünyanın stabilliyini qoruyan ana prinsiplər tapdalanmış olar. Ermənistandan nümunə götürən digər dövlətlər də qonşu dövlətin torpağını işğal edib güzəşt tələb edər. Ümid edirəm ki, Uorlikdən fərqli olaraq, ABŞ-ın yeni həmsədri bu məsələlərə daha obyektiv və real yanaşacaq". Vidadi ORDAHALLI