Xəzər Teyyublu: "Lavrova o da məlumdur ki, Ermənistan həmin ərazilər vasitəsilə Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda manevr edir"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Elmar Məmmədyarovla keçirdiyi görüşdən sonra mətbuata verdiyi açıqlamada Dağlıq Qarabağ probleminin həlli ilə bağlı optimist mövqe sərgiləmək istəyib. S.Lavrov deyib ki, Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır, hər iki ölkənin mövqeyi bir çox məsələlərdə üst-üstə düşür.
Nazir qeyd edib ki, danışıqlar konstruktiv keçib və tərəflər gələcək görüşlərin qrafikini, eləcə də iqtisadi sahədə vəziyyəti müzakirə ediblər.
S.Lavrovun sözlərinə görə, Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini davam etdirəcək.
O, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinin müzakirə olunduğunu söyləyib: "Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi həllə yönümlüdür. Məzmunlu prosesə başlamaq üçün, ilk növbədə, Azərbaycanla Ermənistan arasında inamsızlığın səviyyəsini azaltmaq lazımdır. Bu barədə uzun illər təmasların nəticələri deməyə əsas verir. Onların nəticələrinə əsasən, həll edilməli olan əsas məsələlərlə bağlı ümumi yanaşmanı hazırlamaq mümkün olub. Bu, humanitar məsələlər, Dağlıq Qarabağ ətrafında olan və hazırda Azərbaycan tərəfindən nəzarət edilməyən rayonların qaytarılması ilə bağlı məsələlərdir. Eyni zamanda bura Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi daxildir. Sözsüz ki, orada yaşayan insanları nəzərə almaq şərti ilə. Həmçinin beynəlxalq sülhməramlı qüvvələrin parametrlərinin razılaşdırılmasıdır".
Lavrovun açıqlamasında vacib bir məqama diqqət edək. O, Azərbaycanın işğal olunan ərazilərini Dağlıq Qarabağ ətrafında olan və hazırda Azərbaycan tərəfindən nəzarət edilməyən rayonlar kimi qeyd edir. Halbuki, indi bütün dünya deyir: "Azərbaycanın işğal olunmuş torpaqları".
Siyasətçi Xəzər Teyyublu qəzetimizə açıqlamasında bildirdi ki, Lavrov tərəfindən elə təqdimatın edilməsi olduqca qüsurludur: "Məhz elə həmin məqam onun qeyri-səmimiliyindən xəbər verir. Görün, Rusiya kimi ölkənin baş diplomatı hətta Dağlıq Qarabağ ətrafındakı rayonları belə mübahisə predmeti kimi təqdim edir. Mən bunun təsadüfən səsləndiyinə inanmıram. Bu ranqda olan adamlar 100 ölçdükdən sonra danışır. Lavrov gözəl bilir ki, onun dolayı ifadələrlə təqdim etdiyi rayonlar Azərbaycana məxsusdur və hazırda Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Lavrova o da məlumdur ki, Ermənistan həmin ərazilər vasitəsilə Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda manevr edir. Onları əllərindəki ciddi uğur kimi təqdim etməklə, həmin ərazilərin azad olunması müqabilində ortaya müəyyən şərtlər qoyurlar. Rusiya bu istiqamətdə Ermənistanın baş ideoloqu rolunda çıxış edir. Belə açıqlama Rusiyanın neytral vasitəçi mövqeyinə də xələl gətirmiş olur".
Məhəmmədəli QƏRİBLİ