"Ermənistan mətbuatı belə hadisələri öz kiçik uğurları kimi təqdim etməklə, daxili auditoriyanın fikrini ölkədəki problemlərdən yayındırmağa çalışır"
ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov onların missiyasının yaxın günlərdə Bakıya səfər edəcəyilə bağlı məlumat verib. Həmsədr bildirib ki, onlar Bakıdan sonra İrəvana dərhal getməyi planlaşdırmır. Maraqlıdır ki, Ermənistan mətbuatı bu faktı da öz xeyirlərinə şərh etməyə çalışır.
Onlar iddia edir ki, həmsədrlərin səfər proqramına yalnız Bakını daxil etməsi İrəvanın nümunəvi davranışları ilə bağlıdır. Güya son günlər Azərbaycan tərəfinin qoşunların təmas xəttindəki davranışıları belə səfər proqramının meydana çıxmasına səbəb olub.
Ermənistan KİV-inin bu istiqamətdə apardığı təbliğatı necə dəyərləndirmək olar?
Ekspert Elşən Həsənovun sözlərinə görə, bunu Ermənistan KİV-inin növbəti cəfəngiyyatı adlandırmaq olar: "Ümumiyyətlə, həmsədrlərin təmsil olunduğu missiya illərdir münaqişə tərəflərinin hər birinə səfərlər edir. Bunun nəticəsində nə olub? Biz hansısa irəliləyişin olduğunu görmürük. Bu o demək deyil ki, onlar Bakıya səfər edib, İrəvana səfər etməməklə nəsə dəyişəcək və ya hansısa fövqəladə hadisə baş verəcək. Qoşunların təmas xəttində atəşkəsi daim erməni tərəfi pozur və bunu həmsədrlər gözəl bilir. İndiyə qədər hansı bir təzyiq mexanizmi işə salınıb? Heç biri. Həmsədrlərin səfər proqramı onların özü tərəfindən müəyyən edilir və bu məsələdə hansısa siyasi məna axtarmaq yersizdir. Dəfələrlə olub ki, onlar yalnız İrəvana və ya Dağlıq Qarabağa səfər etməklə kifayətlənib. Hətta Azərbaycan öz ərazilərinin işğaldan azad edilməsilə bağlı fəaliyyətə başlasa belə, buna kimsə irad tuta bilməz. Çünki hüquqi cəhətdən bizim öz ərazi bütövlüyümüzü təmin etmək haqqımız var. Ermənistan mətbuatı belə hadisələri öz kiçik uğurları kimi təqdim etməklə, daxili auditoriyanın fikrini ölkədəki problemlərdən yayındırmağa çalışır".
Məhəmmədəli QƏRİBLİ