Ötən illər ərzində Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separtçı rejimin fəaliyyətini dünyanın heç bir dövləti leqal qəbul etməyib. Əksinə, bu rejimin mövcudluğu dünya miqyasında Ermənistanın işğalçı dövlət statusunun müxtəlif sənədlərin, qərarların, qətnamələrin qəbulu ilə güclənməsinə səbəb olub. Elə bu səbəbdən Ermənistanın özündə də açıq şəkildə etiraf edilir ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistana təkcə sosial-iqtisadi yox, həm də diplomatik müstəvidə böyük zərbələr vurub.
Düşmən ölkədə qəbul edilən digər reallıq odur ki, qarşıdakı dövr ərzində də Dağlıq Qarabağ konflikti Ermənistana problemlərdən başqa heç nə qazandırmayacaq. Eyni zamanda, Azərbaycanın gedişləri sayəsində Ermənistanın itkiləri münaqişə həllini tapmadığı müddət ərzində artmaqda davam edəcək. Bura beynəlxalq müstəvidə Ermənistana təzyiqlərin, onun işğalçılıq siyasətinə qarşı çıxanların sayının artması da daxildir.
Qeyd olunan xüsusda Ermənistanda Milli Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Manvel Sarkisyanın etirafları çox diqqət cəlb edir. Onun sözlərinə görə, münaqişə başlayandan ötən müddət ərzində beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ və digər əraziləri Azərbaycan torpağı olaraq qəbul edir: "Nə vaxt status-kvodan danışılır, o zaman ərazilərin hüquqi sahibinin Azərbaycan olduğu deyilir və qeyd olunur ki, bölgədə münaqişə davam edir. Azərbaycan daim vurğulayır ki, "biz ərazi bütövlüyümüzün bərpası üçün bütün arsenalımızı tətbiq etmək hüququna malikik". Ermənistandan fərqli olaraq, Azərbaycanın hər sözü beynəlxalq hüquq tərəfindən tanınır. Lakin Ermənistanın Qarabağ üzərində hansı hüququ var? Bu məsələ haqda heç kim danışmır". Onun sözlərinə görə, Dağlıq Qarabağda yaradılan rejim də heç kim tərəfindən tanınmayacaq: "Əgər dövlət rəsmilərindən kimsə bunun əksini söyləyirsə, deməli, bu yalandır".
Bütün bunlar qarşıdan gələn parlament seçkilərində qalib gəlməyi qarşıya əsas məqsəd qoyan Ermənistan siyasi qüvvələrinin də diqqət mərkəzində yer alır. İndi hakimiyyətdən fərqli olaraq bu qüvvələrin böyük əksəriyyəti o qənaətdədir ki, Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində real addımlar atılmalıdır. Qeyd edək ki, bu seçkilərdə hakim partiyaya qarşı bir neçə müxalif blok iştirak edir. Onların arasında keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan və "İrs" Partiyasının lideri Raffi Ovanisyanın təsis etdikləri "Ohanyan-Raffi-Oskanyan" bloku özünü hakimiyyətə qarşı əsas rəqib hesab edir. Lakin "Gallup" mərkəzinin keçirdiyi son rəy sorğusuna görə, seçicilərin 23 faizə yaxını oliqarx, "Çiçəklənən Ermənistan" Partiyasının sədri Haqik Çarukyanın yaratdığı "Çarukyan" blokuna səs verməyə hazırdır. Keçmiş prezident Levon Ter-Petrosyanın Ermənistan Milli Konqresi də Xalq Partiyası ilə birlikdə blok şəklində seçkilərə qatılıb. Məhz bu blok seçkilərə Qarabağda sülh şüarı ilə gedir. Qalan partiyaların və blokların da Qarabağ məsələsində öz mövqeləri var. Cəbhədə toqquşmaların artması və ermənilərin itkilərinin çoxalması fonunda isə, Qarabağ məsələsinin erməni cəmiyyəti üçün də həssaslığı artıb. Siyasi qüvvələr məhz bunu nəzərə alaraq vəziyyətdən öz xeyirlərinə istifadə etməyə çalışır. Eyni zamanda müxaliflər hakimiyyətin Qarabağ siyasətinin yarıtmazlığını indi xüsusi olaraq qabardırlar. İddia olunur ki, bu seçkilərdə iqtidar seçicilərin iradəsi ilə hakimiyyətdən kənarlaşdırılsa, onda danışıqlar yolu ilə Qarabağ münaqişəsinin çözümündə əməli addımlar atmaq olar. Məhz bu fonda da qarşı tərəfdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı geniş müzakirələrə start verilib. Müxalifətdə olan siyasi partiyalar əhalinin istəyinə uyğun bəyanatlar verir. Erməni mediası ilk növbədə Levon Ter-Petrosyanın belə bəyanat verdiyini yazır. Xatırladaq ki, Ter-Petrosyan hələ ötən ilin dekabrında bəyan etmişdi ki, Qarabağ məsələsi mərhələli şəkildə həll olunmalı və Azərbaycanla sülh bağlanmalıdır. Daha sonra məlum oldu ki, Ter-Petrosyanın rəhbərlik etdiyi qüvvələr seçkilərə "Qarabağda sülh" şüarı ilə gedir. İndi məsələ ilə bağlı "lragir.am" portalı yazır ki, Ter-Petrosyanın bu mövqeyi təsadüfi deyil və Ermənistan əhalisinin əksəriyyətinin mövqeyini nümayiş etdirir: "Ermənistanda heç bir valideyn oğlunu döyüşə göndərmək istəmir. Ermənistan Milli Konqresi bu ictimai əhval-ruhiyyəni əvvəlcədən öyrəndi və məhz kifayət qədər çoxluq təşkil edən həmin elektoratın səsini almaq üçün Qarabağın qaytarılması, sülhün əldə edilməsi və "sülh olarsa, sizin övladlarınız da ölməyəcək" kimi təkliflərlə çıxış etdi. İstisna deyil ki, övladını Qarabağda döyüşə göndərmək istəməyən valideynlər bu təkliflərə səs verəcək".
Ümumiyyətlə, parlament seçkiləri ərəfəsində Ermənistanda real vəziyyətin təhlili də kifayət qədər aydın şəkildə göstərir ki, siyasi ambisiyalardan uzaq sadə ermənilər Dağlıq Qarabağı istəmir, əksinə, onlara böyük problemlər gətirən işğal altındakı Azərbaycan torpaqlarının qaytarılmasını tələb edirlər. Bu, ilk növbədə, həmin şəxslərin övladlarının Sarkisyan rejimi uğrunda işğal altındakı Azərbaycan ərazilərində həyatını itirməsinin qarşısını almaq üçün sadə ermənilərə lazımdır. Belə istəkdə olan erməni valideynlərinin sayı bu gün qarşı tərəfdə durmadan artır. Onlar açıq şəkildə bəyan edirlər ki, qarşıdan gələn parlament seçkilərində ümidləri Serj Sarkisyanın hakimiyyətinin rəqiblərinədir.
2016-cı ilin yayında öldürülən Ermənistan ordusunun əsgəri 20 yaşlı Arsen Mxitaryanın atası Artur Mxitaryan bu məsələdə çox maraqlı fikirlər səsləndirir. O qeyd edir ki, mənasız Qarabağ müharibəsi üzündən övladını itirib: "Oğlumun ölümündə Serj Sarkisyan hakimiyyəti günahkardır. Bu hakimiyyətin üzündən Qarabağ münaqişəsində nə qədər övladlarımızı itirmişik. Günahkar yüksək səlahiyyətlilər himayədarlıq etdiyindən, oğlumun ölümü ilə bağlı cinayət işinin açılması da mümkün olmayıb. Axı onu hazır olmadığı halda cəbhə xəttinə göndəriblər. Mənim uşağımı bu hakimiyyətdəkilər öldürüb. Hadisədən xəbərdar olanları həqiqəti deməməsi üçün qorxudurlar. Bu hakimiyyət dəyişməyənə qədər belə çox problemlər görəcəyik. Ümid edirik ki, apreldə parlament seçkilərində hakimiyyəti dəyişə biləcəyik. Onda Qarabağ məsələsi də həllini tapa bilər və məsələ həllini taparsa, onda burada daha övladlarımızı itirmərik". Artur Mxitaryan yaranmış durumda Levon Ter-Petrosyanın rəhbərlik etdiyi qüvvələrə daha çox etimad etdiyini də vurğulayır. Onunla eyni mövqedə olanlar da bu qənaətdədir ki, Qarabağ münaqişəsinin davam etməsi fonunda Ermənistan ordusundakı özbaşınalıqlar, ölüm halları çoxalır. İşğalçı ölkənin Müdafiə Nazirliyinin bu faktları gizlətməyə çalışması isə cəmiyyətdə narazılıqları daha da artırır. İrəvanda oğulları Ermənistan ordusunda həlak olmuş erməni analarının Prezident Administrasiyasının önündə yeni aksiyalar keçirməsi də bunun təsdiqidir. Onlar bütün bu xoşagəlməz halların günahkarının prezident Serj Sarkisyan olduğunu bildirir. Dağlıq Qarabağda ölmüş erməni hərbi qulluqçularının valideynləri, eyni zamanda, Ermənistan hakimiyyətini, xüsusilə də Müdafiə Nazirliyini korrupsiyada, rüşvətxorluqda, komandirlərə pul verməyən əsgərləri işgəncə ilə qətlə yetirməkdə ittiham edir.
Ölmüş əsgərin valideynlərindən olan Anahit Mkrtçyan bildirir ki, hökumət Qarabağ münaqişəsinin davam etməsi fonunda öz məqsədlərinə çatmaq üçün sadə ermənilərin övladlarını qurban verməkdən çəkinmir: "Bunun nəticəsidir ki, yenə də Ermənistan ordusunda aclıq, səfalət, qanunsuzluq hökm sürür. Oğlum xidmət etdiyi dövrdə də, indi də əsgərlərə lazımi qədər qida vermirlər, onlar aclıqdan əziyyət çəkir. Geyimlər isə köhnə və yararsızdır. Oğlanları qulluq edən qonşularım daim övladlarına bağlamalar, alt paltarı, geyim, çəkmələr alıb göndərir. İllərdir heç nə dəyişməyib, əsgərlərin yeməyi, geyimi oğurlanmaqda davam edir. Bu oğurluqlar əsgər ölümü ilə nəticələnən hadisələrə səbəb olur, bunu hamı bilir. Hakimiyyətdə olanlar ordunun adından istifadə edərək, yenidən varlanmaq istəyir. Onlar əsgər ölümlərinin qarşısını almaq üçün tədbir görmək əvəzinə, yeni ölümlərə şərait yaradırlar. Valideynlər isə səsini çıxarmır. Hansı əsaslarla erməni əsgərlərini Qarabağın sərhədlərini qorumağa aparır və orada öldürürlər? Bizim övladlarımızın ora aparılması tamamilə qanunsuzdur". Bu qəbildən olan insanların sayının çoxluğu isə parlament seçkiləri ərəfəsində müxalifətin mövqelərinin daha da güclənmsinə rəvac verir. Çünki müxalifət aydın şəkildə sezir ki, erməni cəmiyyəti bundan sonrakı müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin onlara gətirdiyi problemləri qarşıdakı illər ərzində də yaşamaq istəmir. Əksinə, cəmiyyətdə artıq belə bir fikir getdikcə hakim olmağa başlayır ki, erməni əsgərlərinin Dağlıq Qarabağa göndərilməsi tamamilə qanunsuzdur. Ermənistanda bu fikirdə olanların sayının artması isə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə tam uyğundur. Ən azından ona görə ki, indi daha çox erməni Dağlıq Qarabağın onlara hansısa formada aidiyyətinin olmadığını başa düşür. Belə ermənilər Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı tərəf olduğunu da qəbul edir. Digər tərəfdən, yaranmış bu durum Serj Sarkisyan hakimiyyətinin Qarabağ siyasətinin fiaskoya uğradığını, erməni cəmiyyətində belə qəbul edilmədiyini aydın surətdə nümayiş etdirir. Burada da aydın müşahidə olunur ki, Sarkisyanın Azərbaycan ərazilərini işğalda saxlamaq, bununla həm də hakimiyyətini möhkəmləndirmək niyyətləri Ermənistana fəlakətlərdən başqa heç nə qazandırmır. Ölkə müxalifəti də cəmiyyətdə yaranan əhval-ruhiyyəni aydın sezir və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hakimiyyətə gələcəkləri təqdirdə əməli addımlar atacaqlarını bəyan edir. Bu xüsusda konkret mövqe sərgiləyən əsas müxalifət qüvvəsi qismində isə Levon Ter-Petrosyanın rəhbərlik etdiyi düşərgə çıxış edir. Xatırladaq ki, artıq parlament seçkiləri ərəfəsində Levon Ter-Petrosyan Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm tezislər açıqlayıb və problemin, Azərbaycan tərəfinin də istədiyi kimi, mərhələli həllinin zəruriliyini gündəmə gətirib.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.