Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda "referendum"un keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli yolundan kənara atılan daha bir addım, eləcə də erməni tərəfinin danışıqlar aparmamaq istəyinin göstəricisidir.
Bu sözləri "Trend"ə Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki qondarma rejimin fevralın 20-də keçirməyi planlaşdırdığı referendumu şərh edərkən deyib.
S.Markov bildirib: "Düşünmürəm ki, qarşıdakı "referendum" ATƏT Minsk Qrupunun həmsədrləri tərəfindən müsbət qarşılanacaq. İşğal olunmuş Azərbaycan ərazilərinin adlarının dəyişdirilməsi erməni tərəfinə sənədləşməni çətinləşdirməkdən başqa heç nə verməyəcək. Danışıqlar zamanı, eləcə də bütün beynəlxalq sənədlərdə bu ərazilər azərbaycanca adını saxlayacaq - Dağlıq Qarabağ".
Ekspertin sözlərinə görə, keçiriləcək "referendum" Ermənistan tərəfinin aşağı səviyyəli peşəkarlığının göstəricisidir və bu, simvolik, qeyri-produktiv bir jestdir.
İşğal olunmuş Dağlıq Qarabağda "referendumlar" keçirmək əvəzinə, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir. Bunu "Trend"ə Macarıstanın keçmiş xarici siyasət baş müşaviri Levente Kozma Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki qondarma rejimin fevralın 20-də keçirməyi planlaşdırdığı referendumu şərh edərkən deyib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Azərbaycan və Ermənistan dövlət başçılarının görüşlərini aktivləşdirmək lazımdır.
Ekspert tərəfləri münaqişənin həllində beynəlxalq hüquqa riayət etməyə çağırıb.
Xəbər xidməti