ABŞ və Rusiya Baş qərargah (BQ) rəislərinin Bakıda görüşməsi onu ifadə edir ki, Azərbaycan bu beynəlxalq dialoq üçün meydançaya çevrilib, eləcə də bu, Moskvanın Bakıya öz müttəfiqi kimi verdiyi önəmi vurğulayır. Bunu eksklüziv olaraq "Trend"ə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markov deyib.
Ekspert qeyd edib ki, Bakıda görüşün keçirilməsi Rusiya tərəfindən təklif olunub. Çünki Rusiya həmişə öz müttəfiqlərini irəli çəkir.
Onun sözlərinə görə, Vaşinqton və Moskva Bakıda İŞİD-ə qarşı birgə əməkdaşlığı, hərbi əməkdaşlığın gələcək perspektivlərini müzakirə edəcək: "Ehtimal var ki, biz İŞİD-ə qarşı ABŞ və Rusiya Hərbi Hava Qüvvələrinin birgə uçuşlarının şahidi olaq".
Azərbaycanın paytaxtı artıq iri beynəlxalq tədbirlərin və müxtəlif struktur rəhbərləri arasındakı siyasi görüşlərin keçirildiyi ikinci Cenevrəyə çevrilir. Bu sözləri isə agentliyə "Qərb" Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, görüş yeri kimi Bakı təsadüfən seçilməyib. "Azərbaycan bir çox dünya nəhənginin maraqlarının kəsişdiyi bölgədə, Avropa ilə Asiyanın birləşməsində yerləşir. Bundan başqa, Bakıdan İrana, Rusiyaya, Türkiyə və Yaxın Şərqə aparan yollar keçir".
F.Sadıqov qeyd edib ki, Bakı aparıcı oyunçuların maraqlarının mərkəzinə çevrilib.
Milli Məclisin deputatı, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib ki, görüşün Bakıda keçirilməsi çox mühüm hadisədir: "Bu görüşün Bakıda keçirilməsi Azərbaycan üçün çox müsbət haldır. ABŞ və Rusiya hərbçilərinin görüşü əslində bölgədə hər hansı xoşagəlməz halların qarşısını almağa xidmət edəcək".
Deputat hesab edir ki, belə bir görüşün Azərbaycanda baş tutmasının bir neçə səbəbi də var: "Görüşün Bakıda keçirilməsinin səbəbi onunla bağlıdır ki, Azərbaycan heç bir hərbi bloka üzv deyil. Azərbaycan ABŞ-ın tərəfdaşıdır və ABŞ-la bır sıra istiqamətlər üzrə əməkdaşlıq edir. Bununla yanaşı, Azərbaycan həm də Rusiyanın tərəfdaşıdır. Azərbaycan Rusiya ilə əməkdaşlığa üstünlük verir. Azərbaycanın xarici siyasəti, ümumiyyətlə, bütün bölgədə məsələləri məhz tərəfdaşlıq və əməkdaşlıq istiqamətində inkişaf etdirmək üzərində qurulub. Azərbaycan bunda çox maraqlıdır. Düşünürəm ki, bu məsələlər də görüşün məhz Bakıda keçirilməsinə imkan verib".
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov "Trend"ə deyib ki, Azərbaycan hər zaman sülhü, humanizmi dəstəkləyir, multikultural dəyərlərin qorunub saxlanması, o cümlədən dinlərarası münasibətlərin inkişafı üçün mütəmadi addımlar atır: "Azərbaycanda buna qədər dəfələrlə forumlar, ən yüksək tədbirlər keçirilib. Azərbaycanda olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi, azadlıq, demokratiya yüksək inkişafın təzahürüdür. Bundan öncə Rusiya və İranın dövlət başçıları Azərbaycanda görüşüblər. Belə tədbirlərin Azərbaycanda keçirilməsinə hər bir ölkə razılıq verib. Məsələn, səsvermə ilə Avropa Oyunları Azərbaycana təyin olunub, Azərbaycan 155 səslə BMT Təhlükəsizlik Şurasına rəhbərlik edib. Yəni bu, Azərbaycanın dünyada, beynəlxalq aləmdə nüfuzunun artması, Azərbaycanın daxilində yaradılan ictimai-siyasi sabitlik və Azərbaycan Prezidentinin apardığı siyasətin nəticəsidir. Bilirlər ki, Azərbaycanda belə toplantıların keçirilməsi çox böyük fayda verəcək".
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə APA-ya açıqlamasında bildirib ki, dünyanın maraqla izlədiyi bu görüşün Bakıda baş tutması Azərbaycana çoxlu sayda strateji dividendlər qazandıracaq: "Digər tərəfdən, bu görüşün Bakıda keçirilməsi Azərbaycanın hər iki ölkə ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin nəticəsidir. Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən biri ölkəmizi tərəfdaşlıq və əməkdaşlıq platformasına çevirməkdir. Prezident İlham Əliyev həmişə qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi prosesdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Ona görə də bu görüşün ən müxtəlif ölkələrdə keçirilməsi məsələsi uzun müddət müzakirə edilsə də, sonunda Bakıda baş tutması dediyimiz məsələlərlə bağlıdır".
NATO-nun baş katibi də ABŞ və Rusiya ordu komandanlarının Bakı görüşünü alqışladı
"ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargah rəisləri - Cozef Danford və Valeri Gerasimovun Bakı görüşü vacibdir". APA-nın "Azadlıq" radiosuna istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Y.Stoltenberq NATO üzrə müttəfiqlərin ikitərəfli əsasda Rusiya ilə dialoqu və ünsiyyət kanallarını inkişaf etdirmək cəhdlərini alqışlayıb. O qeyd edib ki, NATO-Rusiya Şurasının son iki iclasında V.Gerasimov və NATO Hərbi Komitəsi sədri Petr Pavel arasında birbaşa təmas olmayıb. Həmin görüşlərdə NATO və Rusiya arasında hərbi şəffaflıq, risqlərin azaldılması və digər məsələlər müzakirə edilib.
"Bu tədbiri elə islam ölkəsinin paytaxtında keçirməli idilər ki..."
"ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın artan nüfuzunun təzahürüdür". Bunu isə APA-ya açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
O qeyd edib ki, bu gün ABŞ və Rusiyanı daha çox Yaxın Şərq, İraq, İran və Suriyada baş verən proseslər narahat etdiyindən onlar adları qeyd olunan ölkələrdə baş verənləri müzakirə etmək üçün münasib məkan axtarırdılar: "Regionda Azərbaycan, Gürcüstan və Ermənistan bu proseslərdən kənarda olduğu üçün görüş bu üç ölkədən birində baş tuta bilərdi. Lakin Gürcüstan məlum məsələlərə görə Rusiya üçün uyğun deyil. Ermənistan isə Rusiyanın forpostudur. Belə olduğu halda görüşün Ermənistanda keçirilməsi ABŞ üçün məqbul deyil. Azərbaycan isə dünyəvi dövlətdir, Qoşulmama Hərəkatının üzvüdür, müstəqil siyasət yürüdür. Belə olan halda bütün diqqətlər Azərbaycana yönəldi. Təbii ki, Azərbaycanın görüşü yüksək səviyyədə təşkil etməsini, təhlükəsizlik və kommunikasiya baxımından əlverişli olmasını da vurğulamaq vacibdir. Həm də son zamanlar Azərbaycanda mötəbər idman, mədəni, beynəlxalq tədbirlərin də keçirilməsini bura əlavə etmək olar. Bu baxımdan, Bakı Cozef Danford və Valeri Gerasimov arasında görüş üçün unikal meydan oldu".
"Rusiya və ABŞ-ın baş qərargah rəislərinin görüşünün Bakıda keçirilməsi onun son illər mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi ilə qırılmaz surətdə bağlıdır". Bu sözləri isə APA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, Bakı artıq Sivilizasiyalararası Beynəlxalq Forumun bir neçə iclasına ev sahibliyi edib: "Bakı prosesi" deyilən proses mövcuddur. Bakı Sivilizasiyalararası multikultural əlaqələr mövzusunda keçirilən tədbirlərə ev sahibliyi edib. Amma zənnimcə, qərargah rəhbərlərinin görüşünün Bakıda keçirilməsinin daha mühüm səbəbi var. Bu görüşdə əsasən dünyada beynəlxalq terrorizmə qarşı mübarizə və həmin mübarizədə iki dövlətin qarşılıqlı əməkdaşlığının əlaqələndirilməsi məsələləri müzakirə ediləcək. Vaşinqton və Moskva bəzən terrorizmi "islam terrorizmi" adlandırır. Bu tədbiri elə İslam ölkəsinin paytaxtında keçirməli idilər ki, həmin ölkə terrorizmə qarşı mübarizədə iştirak etmiş, öz ölkəsində təhlükəsizlik məsələləri yüksək səviyyədə qurulmuş olsun və orada ciddi sabitlik hökm sürsün.
Bu nöqteyi-nəzərdən Azərbaycan İslam ölkələri içərisində ən təhlükəsiz, ən sabit münasibətlərin mövcud olduğu ölkə kimi digərlərini üstələyir. Azərbaycanı bu keyfiyyətlərinə, beynəlxalq münasibətlərdə oynadığı dinamik rola görə seçiblər. Azərbaycanın Rusiya ilə münasibətləri yüksək səviyyədə olduğuna görə görüş yeri kimi Bakının seçilməsi Moskva üçün heç bir problem yaratmır. Eyni zamanda bu seçim ABŞ-ın da maraqlarına uyğundur. Çünki ABŞ uzun müddətdir Azərbaycanla Əfqanıstanda "Taliban"a qarşı mübarizədə strateji əməkdaşlıq edir. ABŞ qoşunlarının bütün silah-sursat və mallarının 80 faizi Azərbaycan ərazisindən daşınır. Daşınma prosesində Azərbaycanın nəqliyyat sistemi də yaxından iştirak edir. Yaxın vaxtlarda ABŞ Əfqanıstandakı qoşun kontingentini 2 dəfə artırmaq niyyətindədir. Bu zaman ölkəmizin strateji çəkisi və əhəmiyyəti daha da artacaq. Azərbaycan antiterror tədbirlərində yaxından iştirak edir. Azərbaycanın bir taboru artıq bir neçə ildir Əfqanıstanda "Taliban"a qarşı aparılan əməliyyatlarda iştirak edir. Bir zamanlar İraqda olan tədbirlərdə də Azərbaycan sülhməramlıları iştirak edirdi".
Qabil Hüseynli bu baxımdan görüşün keçirildiyi ölkənin təsadüfi seçilmədiyini, bunun davamına ümidli olduğunu bildirib: "Azərbaycan bölgənin aparıcı lider dövlətidir. Ölkəmiz beynəlxalq münasibətlərdə çevik rol oynayır. Azərbaycan paytaxtı təhlükəsiz və beynəlxalq tədbirlərin keçirilməsi üçün əhəmiyyətli məkan imicinə malikdir. Üstəlik, Azərbaycan gələcəkdə terrorizmə qarşı keçiriləcək tədbirlərin müzakirə edildiyi daimi məkan kimi də seçilə bilər. Bu birinci tədbir olsa da, düşünürəm ki, sonuncu deyil. Belə tədbirlər istər baş qərargah rəisləri, istərsə də daha iri ranqlı siyasətçilər səviyyəsində davam edə bilər. Bu həm də Azərbaycanı gələcəkdə ABŞ-ın daha möhkəm strateji tərəfdaşına çevirər ki, bu da ölkəmizin özü və beynəlxalq imici üçün mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, tədbirin burada keçirilməsi Azərbaycanın əhəmiyyətini və beynəlxalq münasibətlərdəki rolunu xeyli artırdı, bizi sevməyən, düşmən ölkələrin canına vəlvələ saldı. Bu tədbirin burada keçirilməsini Azərbaycanın xarici siyasətinin və ümumiyyətlə, beynəlxalq aləmdə artan rolunun göstərici kimi qəbul etmək olar".
Brayza Bakını Rusiya və ABŞ rəsmi nümayəndələrinin görüşü üçün ən əlverişli məkan saydı...
ABŞ və Rusiyanın Baş qərargah rəisləri görüş zamanı, böyük ehtimalla, Suriyada İŞİD-ə qarşı birgə əməkdaşlıq məsələlərini, gələcəkdə hər hansı xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə əməkdaşlığın bütün detallarını müzakirə edəcək.
Bunu isə "Trend"ə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Onun sözlərinə görə, Bakı Moskva və Vaşinqtonun rəsmi nümayəndələrinin görüşü üçün əlverişli məkandır: "Azərbaycan NATO-nun da üzvü deyil, lakin həm Rusiya ilə, həm də ABŞ-la yaxşı əlaqələri var".
Azərbaycan belə görüşlərin keçirilməsi üçün əlverişli platformadır
Azərbaycan bir çoxları tərəfindən yüksək səviyyəli görüşlərin keçirilməsi üçün əlverişli platforma kimi qəbul olunur. Bu sözləri agentliyə "İsrail-Azərbaycan" Assosiasiyasının baş direktoru Lev Spivak ABŞ və Rusiyanın Baş qərargah rəislərinin Bakıdakı görüşünü şərh edərkən deyib.
O deyib: "Azərbaycan artıq uzun zamandır ki, müxtəlif konfransları, görüşləri, tədbirləri qəbul edir və bu yolla da irəliləyir. Bunun bariz nümunəsi hər il keçirilən Qlobal Bakı forumudur".
Onun sözlərinə görə, Azərbaycan artıq bir çoxları tərəfindən həm forumların, həm də Azərbaycanla birbaşa bağlı olmayan kiçik formatlı görüşlərin keçirilməsi üçün əlverişli platforma kimi qəbul olunur.
Rusiyalı ekspertlər Gerasimov-Danford görüşünün Bakıda keçirilməsinin maraqlı səbəblərini izah ediblər
"Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşünün Bakıda keçirilməsinin bir sıra mühüm səbəbləri var. Birinci səbəb Bakının böyük beynəlxalq nüfuza malik olmasıdır. Azərbaycan regionun ən sabit ölkəsidir və ölkə lideri də beynəlxalq aləmdə böyük nüfuza malikdir. İkinci səbəb odur ki, Azərbaycanın həm Rusiya ilə, həm də ABŞ-la yaxşı münasibətləri var. Üçüncü səbəb isə Azərbaycanın Rusiya ilə qarşılıqlı etimada əsaslanan münasibətlərə malik olmasıdır. Rusiya strateji tərəfdaşı olan Azərbaycanı beynəlxalq danışıqlar prosesinə qoşmağa çalışır".
Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya və ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Bakı görüşünü şərh edən Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, tanınmış politoloq Sergey Markov deyib.
Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin keçmiş rəisi, ehtiyatda olan general-leytenant Yevgeni Bujinski isə Gerasimov-Danford görüşünün Bakıda keçirilməsindən təəccüblənmədiyini söyləyib. Azərbaycanın hər iki ölkə ilə əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayan general Azərbaycanın hərbi sahədə regionun güclü dövləti olduğunu vurğulayıb: "Azərbaycanın regional səviyyədə özünün milli maraqlarını müdafiə etməsi üçün hər bir potensialı, o cümlədən hərbi potensialı var".
Gerasimov-Danford görüşündə hansı məsələlərin müzakirə olunduğu barədə suala Y.Bujunski belə cavab verib: "Hazırda hərbi sahədə iki ölkə arasında əməkdaşlıq ümumiyyətlə yoxdur. Ona görə də bu məsələləri yoluna qoymaq lazımdır. Müzakirə olunacaq məsələlər çoxdur. Bura beynəlxalq terrorçuluğa qarşı mübarizə, son zamanlar iki ölkə arasında, hərbi ritorikada olsa belə, yaşanan gərginliklər, Suriya böhranı aiddir. İlk addım atılmalıdır. Çünki praktiki olaraq Rusiya və ABŞ arasında hərbi sahədə nəinki əməkdaşlıq, heç qarşılıqlı fəaliyyət belə yoxdur".
Digər rusiyalı hərbi ekspert Aleksandr Perenciyev də generalların görüşünün Bakıda keçirilməsinin təsadüfi olmadığını deyib: "Bakı buna qədər də belə formatlarda görüşlərin keçirildiyi məkan olub. Bundan öncə Bakıda Rusiya və NATO ölkəsi olan Türkiyənin ordularının beyin mərkəzlərinin rəhbərlərinin görüşü keçirilib. Bir sözlə, Bakının belə formatda görüşlərin keçirilməsi üçün böyük təcrübəsi var. Digər tərəfdən isə Azərbaycan həm Rusiya ilə, həm də ABŞ-la bərabər tərəfdaşlıq və münaqişəli olmayan münasibətlərə malikdir. Məhz bu faktorlar Bakının iki nəhəng ölkənin silahlı qüvvələrinin baş qərargah rəislərinin görüş yeri kimi seçilməsinə yardım edib".
Xəbər xidməti