Qabil Hüseynli: "Bakı dünyanın digər şəhərlərilə müqayisədə daha təhlükəsiz və etibarlıdır"
Üzeyir Cəfərov: "Görüşün məhz Bakıya salınması həm Azərbaycana, həm də regiona verilən önəmlə bağlıdır"
Rusiya MN-nin mətbuat xidməti fevralın 16-da Azərbaycan paytaxtında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordla görüşünün gündəliyi barədə məlumat yayıb.
"Razılaşdırılmış gündəlikdə duran məsələlərə Rusiya və ABŞ arasında hərbi qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və perspektivləri, eləcə də tərəflərin hərbi fəaliyyəti ilə bağlı insidentlərin qarşısının alınmasının müzakirəsi, bundan əlavə, dünyanın böhranlı regionlarında təhlükəsizlik sahəsində vəziyyət barədə fikir mübadiləsinin aparılması daxildir", - deyə məlumatda bildirilib.
Dünən ABŞ rəsmisini Prezident İlham Əliyev də qəbul edib.
Bu cür mühüm görüş üçün niyə məhz Bakının seçilməsi çox maraqlı görünür.
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, belə mühüm görüş üçün məhz Bakının seçilməsi təsadüfi deyil: "Bunun bir sıra əsaslandırması var. Əvvəla Bakı dünyanın digər şəhərlərilə müqayisədə daha təhlükəsiz və etibarlıdır. İkinci bir tərəfdən, tərəflər arasında başlıca müzakirə predmeti Suriya və Əfqanıstan olacaq. Bu baxımdan da belə müzakirələrin məhz müsəlman ölkəsində aparılması çox vacibdir. Məndə olan məlumata görə, görüşün məhz Bakıda keçirilməsini ABŞ təkid edib. Çünki biz onlar üçün daha etibarlı tərəfdaş sayılırıq. ABŞ Əfqanıstanda qoşun kontingentini iki dəfə artırmaq istəyir. Onların da bütün təchizatı bizim ərazimiz vasitəsilə reallaşır. Bu baxımdan bölgəyə nəzarət üçün Bakı hər iki tərəf üçün böyük əhəmiyyət daşıyır. Bizim ölkə eyni zamanda strateji əhəmiyyətli tədbirlərin keçirildiyi ölkə kimi də yadda qalıb. Son illər ərzində BMT və digər mötəbər qurumların xəttilə ölkəmizdə sivilizasiyaların yaxınlaşması ilə bağlı tədbirlər keçirilib və onların hamısı uğurlu alınıb. Hesab edirəm ki, bütün bu faktorlar, əsas da ABŞ-ın təkidli tələbi görüşün məhz Bakıda keçirilməsini reallaşdırıb".
Hərbi ekspert Üzeyir Cəfərov qəzetimizə bildirdi ki, görüşün məhz Bakıya salınması həm Azərbaycana, həm də regiona verilən önəmlə bağlıdır: "Bildiyimə görə, görüşdə ABŞ-ın yeni administrasiyası ilə Rusiya arasında yaxınlaşmanın perspektivi müzakirə mövzusudur. Mövqelərin uzlaşmadığı yerlərə məsafə baxımından Cənubi Qafqaz daha yaxındır. Bu regionun ölkələri içərisində Gürcüstanın görüş yeri kimi seçilməsini ABŞ qəbul etməzdi. Ermənistan isə sırf Rusiyanın nəzarətində olan ölkə kimi tanınır. Qalırdı Azərbaycan. Bununla ABŞ eyni zamanda İran və onun havadarı olan Rusiyaya ciddi mesaj verir".
Məhəmmədəli QƏRİBLİ