Qabil Hüseynli: "Prezident məhz bu cür və ona bənzər bəzi siyasi dairələri nəzərdə tutaraq bildirdi ki..."
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə deyib ki, keçən ilin dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi.
Çünki aprel ayında erməni silahlı qüvvələri bizə qarşı silahlı təxribat törətməyə cəhd etmişdi. Ancaq bu təxribat nəticəsində özləri peşman oldular: "Aprel hadisələrindən sonra nəinki Ermənistan ordusu, hətta Ermənistan dövləti belə silkələndi, generallar rütbələrini, vəzifələrini itirdilər, Ermənistan cəmiyyətində panika, təşviş hökm sürürdü, bu gün də bu davam edir. Biz öz torpağımızı heç kimə verən deyilik. Aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır və bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər".
Prezidentin qoşunların təmas xəttində baş verən bütün hadisələrin Azərbaycanın daxili işi olması ilə bağlı verdiyi açıqlama nəyə işarədir?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Prezident bununla çox konseptual bir formada, beynəlxalq hüququn normalarına söykənərək münaqişənin həll yollarını açıq surətdə Ermənistana və onun qəyyumlarına çatdırdı: "Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə Prezident İlham Əliyevin aprel döyüşlərinin Azərbaycanın daxili işi olduğu və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa biləcəyi ilə bağlı söylədiyi fikirlər konkret hədəfə ünvanlanmış açıqlamadır. Ölkə başçısının aprel döyüşlərinin Azərbaycanın daxili işi olması məsələsini məhz həmin görüşdə vurğulaması birbaşa problemin həllinə maneçilik törədən və prosesi süni surətdə ləngidən qüvvələrə çox ciddi mesajdır. İndiyə qədər bir sıra dairələrdə Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmasına kölgə salan müəyyən qüvvələr var idi. Bu qüvvələr Rusiyanın siyasi dairələri içərisində daha fəaldır. Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ məsələsi ilə bağlı nümayiş etdirdiyi mövqe Azərbaycanda böyük narazılıqla qarşılandı.
Azərbaycan Prezidenti də məhz bu cür və ona bənzər bəzi siyasi dairələri nəzərdə tutaraq bildirdi ki, Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işidir və indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ölkə başçısı ərazimizdə ikinci bir erməni dövlətinin yaradılmasına qətiyyən imkan verilməyəcəyini və Azərbaycanın bu məsələni öz daxili işi kimi həll edəcəyini bəyan etdi. Prezident bununla da çox konseptual bir formada, beynəlxalq hüququn normalarına söykənərək münaqişənin həll yollarını açıq surətdə Ermənistana və onun qəyyumlarına çatdırdı, bu məsələdən özləri üçün siyasi dividend götürmək istəyən dairələrə xəbərdarlıq etdi. Ali Baş Komandan Azərbaycan dövlətinin, Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu çox cəsarətlə həmin dairələrə çatdırmaqla, xalqın öz dövləti və Prezidenti ətrafında daha sıx birləşməsinə zəmin verdi".
Məhəmmədəli QƏRİBLİ