"Yoxsa, hansısa başqa məqsədlə keçirilən görüşlə bağlı Dağlıq Qarabağ problemilə manipulyasiya etmək doğru deyil"
Fransa prezidenti Fransua Olland martın 8-də Parisdə erməni həmkarı Serj Sarkisyanla görüşəcək. Bu barədə Fransa prezidenti Fransua Olland bildirib. Olland qeyd edib ki, bu il Fransa-Ermənistan əlaqələrinin qurulmasının 25-ci ildönümüdür. Fransa prezidenti bu münasibətlə erməni həmkarını Fransaya səfərə dəvət edib.
Səfər çərçivəsində onlar ikitərəfli əlaqələri müzakirə edəcək. Fransa prezidentinin sözlərinə görə, görüş zamanı Qarabağ məsələsinə də toxunulacaq: "Bu münaqişənin sülh yolu ilə həlli üçün yolların tapılması önəmlidir".
Nəzərdə tutulan ikili formatda görüşün Dağlıq Qarabağ probleminin həllinə nə kimi təsiri ola bilər?
Ekspert Elşən Mustafayev qəzetimizə bildirdi ki, Ollandın Sarkisyanla təmas istəməsi normaldır: "Çünki o, son vaxtlar Fransadakı erməni lobbisinin bütün tədbirlərində yaxından iştirak edir. Münasibətlərin 25 illiyilə bağlı Sarkisyanı Fransaya dəvət etməsinə də iki ölkə arasındakı münasibətlər kontekstindən yanaşılmalıdır. Bu məsələdə Dağlıq Qarabağı bəhanə etmək lazım deyil. Çünki hamıya məlumdur ki, Sarkisyanla Olland ikisi bir yerdə neçə saat görüşsələr də, prosesdə heç bir dəyişiklik olmayacaq. Fransa münaqişəni nazama salan Minsk Qrupunun həmsədri olan ölkələrdəndir. Bu uzun illər ərzində digər həmsədrlərlə bir nailiyyət əldə etməyiblərsə, ikili təmasdan da nəsə gözləməyə dəyməz. Dağlıq Qarabağ probleminin həlli çox qloballaşıb və bu, iki ölkənin səyilə nizamlana bilməz. Yaxşı olar ki, Olland həmin görüşdə ümumi ifadələrdən deyil, Ermənistana hansı formada təzyiq göstərilməsindən söhbət açsın. Çünki problemin həllinə mane olan başlıca faktor Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Fransa prezidenti həmsədr ölkənin rəhbəri kimi belə addım atarsa, onda hansısa irəliləyişdən danışmaq olar. Yoxsa, hansısa başqa məqsədlə keçirilən görüşlə bağlı Dağlıq Qarabağ problemilə manipulyasiya etmək doğru deyil. Həmin görüşdən heç bir nəticə gözləmirəm".
Məhəmmədəli QƏRİBLİ