Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar hələ də dalana dirənmiş vəziyyətdədir və bu hal müharibə ehtimalını sürətlə artırır. Elə Ermənistanda da etiraf edilir ki, kifayət qədər güclənən Azərbaycanı hərbi əməliyyatlardan heç kim çəkindirə bilməz. Azərbaycan isə bəyan edir ki, Qarabağ münaqişəsi üzrə mövcud status-kvo mütləq şəkildə dəyişməlidir, əks halda müharibədən başqa alternativ seçim qalmır.
Əslində, indi beynəlxalq ictimaiyyətdə də tələb artır ki, münaqişənin sülh yolu ilə çözümü üçün rəsmi İrəvan artıq konkret addımlar atmalıdır. Məsələn, beynəlxalq münasibətlər üzrə tanınmış amerikalı ekspert Peter Tase qeyd edir: "Qarabağ məsələsində üç önəmli aspektə diqqət ayırmaq lazımdır. Birincisi, Ermənistan işğal etdiyi Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ və yeddi ətraf rayondan ordusunu geri çəkməli və beynəlxalq hüququn prinsiplərinə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir. İkincisi, İrəvan status-kvodan əl çəkməli və Azərbaycan rəhbərliyi ilə danışıqlara başlamalıdır. Serj Sarkisyan hökuməti ölkəsindəki korrupsiyaya və bir sıra cinayətlərə qarşı mübarizəyə diqqət ayırmalı və ən əsası erməni xalqının uzun müddət üzləşdiyi daxili problemlərə kölgə salan Dağlıq Qarabağ münaqişəsindən vasitə kimi istifadə etməməlidir. Üçüncüsü, ATƏT, Avropa İttifaqı və digər müxtəlif beynəlxalq təşkilatlar Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsində aktiv rol oynamalı və beynəlxalq hüququn prinsiplərini müdafiə etməli, tərəfləri danışıqlara cəlb etməlidir".
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da, Ermənistan istisna olmaqla, bütün dünyanın Qarabağ münaqişəsi üzrə mövcud status-kvonun dəyişməsində maraqlı olduğunu qeyd edir: "Dağlıq Qarabağ münaqişəsi üzrə mövcud status-kvo, ola bilsin ki, Ermənistandan başqa heç kəsi qane etmir. Biz neçə dəfə mənim iştirakımla nazirlərin görüşündə məsələnin yerindən tərpədilməsinə kifayət qədər yaxın olmuşuq. Hamı anlayır ki, bu gün mövcud status-kvo Ermənistandan başqa heç kəsi təmin etmir. Masanı tədricən problemlərdən təmizləmək lazımdır. Hansı problemlər? Ən əsas problem Azərbaycan ərazisində Ermənistan Silahlı Qüvvələrinin mövcudluğudur. İlk növbədə əsgərlər kazarmalara qayıtmalıdır və bu, böyük imkanlar yaradacaq. Bu, planın bir hissəsidir". Aydındır ki, Ermənistan rəhbərliyi münaqişənin həlli istiqamətində əməli addımlar atmayacağı halda Azərbaycan hərbi əməliyyatlara start vermək məcburiyyətində qalacaq və bu halda qarşı tərəfin məğlubiyyəti qaçılmazdır. Elə ötən ilin sonunda cəbhədə erməni diversiya qrupunun məhv edilməsi də Ermənistanın məğlubiyyət qorxusunu gücləndirib. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi erməni diversiya qrupunun məhv edilməsinin görüntülərini yayıb. Bu görüntülər Ermənistanı sözün əsl mənasında çalxalayıb. Qeyd olunan görüntülərin yayılmasından sonra Ermənistan mediası müharibənin hər an başlaya biləcəyinə dair xəbərlər yayır. Məsələn, "Lragir" saytı yazır ki, Dağlıq Qarabağda vəziyyət kifayət qədər kəskindir. Sayt çoxsaylı erməni əsgərinin məhv edildiyi haqda xəbərlərin yayıldığını yazıb və qeyd edib ki, bu dəqiqləşməsə belə, konkret təkzib də olunmur. O da vurğulanır ki, Bakı Qarabağda status-kvonu dəyişmək istiqamətində ciddi addımlara strat verib: "Qarabağda genişmiqyaslı müharibənin olması ehtimalı yüksəkdir. Bu ehtimal İrəvanda, politoloqlarla yanaşı, rəsmi dairləri də də həyəcanlandırır". Erməni politoloq Tiqran Abramyan Ermənistan rəhbərliyini cəbhədə hərəkətə keçməyə çağırıb. Ermənistan mediası, həmçinin, "Karnegi" fondunun eksperti Tomas de Vaalın bu yaxınlarda verdiyi proqnozu xatırladır. Tomas de Vaal isə vurğulayır ki, Dağlıq Qarabağda 2017-ci ildə müharibənin başlaması risqi böyükdür. "Lragir" bu fonda yazır: "Hakimiyyət nə qədər təbliğat aparsa da, Azərbaycanın hərbi potensialının güclü olduğu faktdır. Müharibə bizim üçün heç də yaxşı nəticələr doğurmaya bilər". Rusiyanın "Nezavisimaya qazeta" nəşri də yazır ki, keçən müddət ərzində Azərbaycan hərbi-sənaye kompleksini ardıcıl olaraq gücləndirib: "Beynəlxalq müdafiə sənayesinin hələ 3 il əvvəl Bakıda keçirilən birinci sərgisində Azərbaycan 900 adda hərbi məhsulunu nümayiş etdirdi. Bura atıcı silahlar, döyüş sursatları "Aerostar" və orbiter 2M (İsrail lisenziyası üzrə) pilotsuz uçan aparatlar, müasirləşdirilmiş zirehli avtomobil, BRDM, BRDM-2 tırtıllı kəşfiyyat-gözətçi maşınları, "Paramount Group" şirkətinin texnologiyası üzrə istehsal edilmiş "Motodor" zirehli avtomobil pulemyotları və avtomat qumbaraatanla təchiz edilmiş "Gurza" zirehli patrul avtomobilləri kimi texnikalar daxil idi. 2014-cü ildən keçən dövr ərzində Azərbaycan silah istehsalını daha da inkişaf etdirib". İndi kifayət qədər güclənən Azərbaycan ərazilərini güj yolu ilə azad etmək iqtidarındadır. Müharibənin qarşısı isə yalnız Ermənistan danışıqlar prsesində konstruktiv mövqe sərgiləyəcəyi halda alına bilər. Əks təqdirdə düşmən güc yolu ilə işğal altındakı ərazilərdən qovulacaq və bunu Ermənistanın özündə ölkə üçün faciə sayanların sayı kifayət qədərdir.
Tahir TAĞIYEV