Arzuxan Əlizadə: "Bütün bunlara rəğmən, yeni qüvvələrin hakimiyyətə gəlməsi daha məqsədəuyğun olardı"
2017-ci il aprelin 2-də Ermənistanda parlament sekçiləri keçiriləcək. 2015-ci ilin dekabrındakı Konstitusiya dəyişikliklərindən sonra Ermənistan prezident üsul-idarəsindən parlamentli siyasi sistemə keçib. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə, əksinə, artırılıb. Ermənistan seçiciləri ilk dəfə olaraq deputatları yeni siyasi sistemlə seçəcək.
Parlament seçkiləri kampaniyası getdikcə qızışır. Bunun bir əlaməti də deputat mandatlarına iddia edən rəqib siyasi qüvvələrin bir-birinə qarşı sərt və kompromat xarakterli ritorika sərgiləməyə başlamasıdır. Təbii, təbliğat mübarizəsində Dağlıq Qarabağ mövzusu da önəmli yer tutur.
Bu arada Ermənistanda seçki ərəfəsində daha bir siyasi blok yaradılıb. "Erməni Milli Konqresi" və "Xalq Partiyası" blokunun seçki siyahısına Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan başçılıq edəcək. Siyahıda ikinci fiqur isə "Xalq Partiyası"nın sədri Stepan Dəmirçyandır. Hələ seçkilər elan olunmamış prosesə koalisiya şəklində qoşulacağını elan edən Petrosyan əsas xəttinin qonşu dövlətlərlə "sıfır problem" və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə çalışmaq olduğunu bildirib. Ermənilər tərəfindən "sülh göyərçini" adlandırılan konqres liderinin seçkilərdə qalib gələcəyi də gözləniləndir.
Bəzi analitiklər seçkilərin də məhz Dağlıq Qarabağ münaqişəsinə baxışda daha yumşaq siyasi xətt götürmüş Levon Ter-Petrosyanın üzərində fokuslanacağını bildirirlər. Ermənistan KİV-ləri müharibə və Dağlıq Qarabağ münaqişəsinin həlledilməzliyindən bezmiş kütlənin xarici və daxili siyasətdə hərbi doktrinaya üstünlük verən Sarkisyandan imtina etməyə və ölkələrinə mənfəətlər qazandırmaq gücündə olan müxalif namizədlərə səs verəcəyini bildirir.
Maraqlıdır, parlament seçkilərində sülh tərəfdarları qalib gəlsə, bu, Dağlıq Qarabağ münaqişəsinin həllində nə kimi dönüş yarada bilər?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu barədə konkret proqnoz vermək çətindir: "Ona görə ki, Ermənistan cəmiyyətinin bir hissəsi xəstədir. Rusiya da bu amildən istifadə edərək hakimiyyətdə radikal qüvvələrin saxlanmasına çalışır. Baxmayaraq ki, torpaqların işğal altında saxlanması ermənilərə xoşbəxtlik gətirməyib. Ermənistanda sağlam düşünən qüvvələr bunun fərqindədir. Ancaq müxtəlif səbəblərdən onlar təşəbbüsü ələ ala bilmirlər. Məlum olduğu kimi, ötən ilin dekabrında Levon Ter-Petrosyan "Erməni Milli Konqresi"nin qurultayında Qarabağda sülhə, kompromislərə və barışığa çağıran geniş nitqlə çıxış etdi. O, hakimiyyətin Qarabağda status-kvonu saxlamağa yönəlmiş siyasətinin Ermənistanı və Qarabağ ermənilərini fəlakətə sürüklədiyini bildirib. Rasional düşünən seçicilər arasında da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və həqiqət əsasında həll edilməsini arzulayanlar çoxdur. Ancaq o da məlum məsələdir ki, bu hələ hər şey demək deyil. Ona görə ki, bunun üçün hakimiyyətə gələcək siyasi qüvvənin müstəqil siyasət yeritməsi üçün şərait olmalıdır. Ermənistan forpost ölkə olduğuna görə belə bir şəraitin tez bir zamanda yaranacağını düşünmək çətindir. Bir də unutmaq olmaz ki, məhz Levon Ter-Petrosyanın prezidentliyi dövründə Dağlıq Qarabağ və ətraf rayonlar işğal edilib. Bütün bunlara rəğmən, yeni qüvvələrin hakimiyyətə gəlməsi daha məqsədəuyğun olardı. Ən azından, Qarabağ danışıqlarında yeni mərhələ başlayacaq".
Vidadi ORDAHALLI