Fikrət Sadıqov: "Bir blogerdən ötrü münasibətlər pozulmayacaq"
"Bloger Aleksandr Lapşinin məsələsi Azərbaycanla işgüzar əsasda həll olunacaq". Xəbər verildiyi kimi, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib:
"Hesab edirəm ki, bu məsələ də, ikitərəfli münasibətlərdə yaranan digər məsələlər kimi, işgüzar əsasda həll olunmalıdır. Daha çətin məsələlər olur. Əlbəttə, Rusiya vətəndaşının taleyi ilə bağlı məsələ prioritetdir. Lakin bir daha qeyd etmək istəyirəm ki, bütün bunlar işgüzar əsasda həll olunacaq. Biz belə hesab edirik".
Qeyd edək ki, A.Lapşin fevralın 7-də Belarusdan Azərbaycana ekstradisiya edilib. Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub. Həmçinin, Azərbaycanın ərazi bütövlüyünə qarşı bir sıra çağırışlar edib. Bütün hallarda, M.Zaxarovanın "Lapşinin məsələsi Azərbaycanla işgüzar əsasda həll olunacaq" ifadəsi nə deməkdir?
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən politoloq Fikrət Sadıqovun fikrincə, bu o deməkdir ki, onlar Lapşinin günahkar olduğunu qəbul edirlər: "Əvvəla M.Zaxarova Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə yüksək qiymət verdi. Bildirdi ki, bizim münasibətlərimiz normaldır və bu, hüquqi bir məsələdir. Düşünürəm ki, yaxın gələcəkdə sözügedən məsələ hüquqi müstəvidə həll olunacaq. Hər halda, Zaxarovanın dilindən Azərbaycana qarşı mənfi bir ifadə işlənmədi. Bu o deməkdir ki, bunlar Lapşinin həddini aşıb hüquq normalarını pozduğunu başa düşür. O üzdən, buna görə o, müəyyən cavablar verməlidir. Ancaq bütün bunlar heç də Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir etməməlidir. Çünki bizim münasibətlərimiz strateji partnyorluq xarakteri daşıyır. Bir blogerdən ötrü münasibətlər pozulmayacaq. Hesab edirəm ki, Zaxarovanın açıqlamasını belə dəyərləndirmək lazımdır".
Vidadi ORDAHALLI