"Bu, Azərbaycanın işğal edilmiş zonalarına qanunsuz daxil olan xarici vətəndaşlara çox ciddi bir xəbərdarlıq olmalıdır"
Baş Prokurorluqda barəsində cinayət işi açılan bloger Aleksandr Lapşinin Bakıya təhvil verilməsi böyük rezonansa səbəb oldu. Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloger A.Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edib, Dağlıq Qarabağı "müstəqil dövlət" adlandırıb.
O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Şübhəsiz ki, Lapşinin fəaliyyətini söz azadlığı və sərbəst jurnalist fəaliyyəti ilə əlaqələndirmək cəhdləri heç bir hüquqi əsasa malik deyil. Onun hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan, barəsində dövlətlərarası axtarış elan edilmişdi.
Lapşinin Azərbaycana ekstradisiyası ölkə diplomatiyasının ciddi uğuru hesab olunur. Xarici siyasi dairələrin bütün təzyiq və təhdidlərinə baxmayaraq, Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müraciətini nəzərə aldı və Lapşinin ekstradisiyası üçün ciddi siyasi iradə nümayiş etdirdi.
Ümumən Lapşinin ekstradisiyası bundan sonra nə kimi perspektiv nəticələr vəd edir? O mənada ki, bu kimi qanun pozuntularına yol verənlərin İnterpol xətti ilə saxlanaraq ölkəyə gətirilməsi davamlı ola bilərmi?
Sözügedən məsələni dəyərləndirən millət vəkili, politoloq Aydın Mirzəzadənin fikrincə, bu, digərləri üçün xəbərdarlıq olmalıdır: "Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən bloger A.Lapşinin ölkəmizə ekstradisiya olunması dövlətimizin beynəlxalq aləmdə qüdrətini və yüksək nüfuzunu göstərir. Vaxtaşırı rəsmi Bakı Ermənistan tərəfindən işğal olunmuş ərazilərə qanunsuz daxil olan şəxslər barədə açıqlama verir və onları "qara siyahı"ya salır. A.Lapşin isə, sözügedən ərazilərə qanunsuz daxil olmaqla yanaşı, eyni zamanda, sonradan başqa bir saxta sənədlə Azərbaycana gəlib. O bununla iki dəfə ölkəmizin qanunvericiliyini pozub. Hesab edirəm ki, bu, Azərbaycanın işğal edilmiş zonalarına qanunsuz daxil olan xarici vətəndaşlara çox ciddi bir xəbərdarlıq olmalıdır. Bu, eyni zamanda, ərazimizi işğalda saxlayan və xarici vətəndaşları həmin əraziyə səfər etməyə sövq edən Ermənistan üçün çox ciddi xəbərdarlıq olmalıdır. Bilinməlidir ki, Azərbaycanın ərazi bütövlüyünü pozan, ölkəmizin ərazisinə qanunsuz daxil olan hər bir kəs nə vaxtsa Azərbaycan məhkəməsi qarşısında cavab verə bilər. Cinayətkarlar cavabsız qalmayacaq. Lapşin məsələsi bir daha göstərdi ki, Azərbaycan özünün suverenlik məsələsini heç kimə güzəştə getmək fikrində deyil".
Vidadi ORDAHALLI