"Gərginlik elə bir səviyyədədir ki..."
Son günlər ermənilərin cəbhə xəttində xüsusi aktivləşməsi hiss edilir. Onlar cəbhədə təxribatlar törədir, ağır artilleriyadan müdafiənin ön xəttindəki mövqelərimizi atəşə tutur. Təbii ki, Azərbaycan tərəfi düşmənə layiqli cavab verir.
Ermənilərin məhz bu məqamda xüsusi fəallaşması maraq doğurur. Xüsusilə də blogger Lapşinin Azərbaycana ekstradisiyasından sonra ermənilər daha da azğınlaşıb. Cəbhədəki gərginliyin bu faktorla əlaqəsi ola bilərmi?
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, son günlər ermənilərin fəallaşması və cəbhədəki gərginlik barədə bir neçə versiya irəli sürülə bilər: "Son vaxtlar, faktiki olaraq, ermənilər Azərbaycandan ardıcıl ağır zərbələr alır. Ermənilərin 40 günə yaxın meyitini saxladığı Çingiz Qurbanova Azərbaycan Prezidenti Milli Qəhrəman adı verdi. Bunun ardınca ermənilərin lobbiçilik etdiyi Aleksandr Lapşin Bakıya gətirildi. Rusların o qədər də xoşlamadığı Ukrayna ilə Azərbaycan arasında hərbi əməkdaşlıq söhbətləri ortaya çıxdı. Ukraynanın Azərbaycandakı səfiri Aleksey Mişenko maraqlı bəyanatlar səsləndirdi. Bütün bunlar erməniləri özlərindən çıxardı.
Ermənistan onsuz da cəbhədə təxribatlara meylli idi, hazırda cəbhədə vəziyyəti gərginləşdirməyə başladılar. Kimlərəsə qəribə görünə bilər, ancaq baş verənlər hamısı bir-birilə bağlıdır. Ola bilsin ki, yaxın günlərdə cəbhədə vəziyyət daha da gərginləşsin.
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Lapşinlə bağlı bəyanat verdi. O cümlədən, Ermənistan parlamentində Azərbaycan və Belarusla bağlı məsələ qaldırılıb. Bunlar hamısı bir-birilə bağlı məsələlərdir.
Azərbaycan Ordusu ermənilərin açdığı atəşə adekvat cavab verir və ermənilər itkilərə məruz qaldıqlarını etiraf edirlər. Biz son dərəcə diqqətli, ehtiyatlı olmalıyıq.
İstənilən an cəbhədə toqquşma baş verə bilər. Bunun uzunmüddətli və ya qısamüddətli olması barədə heç nə deyə bilmərəm. Amma gərginlik elə bir səviyyədədir ki, hər an cəbhədə ağır toqquşma ola bilər".
Məhəmmədəli QƏRİBLİ