"Lapşinin səfərinə yalnız separatçılara bəslədiyi "sevgi" kontekstindən yanaşmaq olmaz"
Etdiyi cinayət əməllərinə görə həbs edilərək Azərbaycana ekstradisiya olunan blogger Lapşinin üç ölkənin vətəndaşlığını daşıdığı üzə çıxıb. Məlum olub ki, o, Rusiya, Ukrayna və İsrailin vətəndaşlığını daşıyır. Çox güman ki, daha çox ölkənin vətəndaşı olmaq Lapşinə özünü mümkün həbs təhlükəsindən qorumaq üçün lazım olub.
İddialara görə, şübhələri dəf etmək üçün o, qanunsuz səfərləri hər dəfə bir ölkənin pasportu ilə gerçəkləşdirib və çox güman ki, həmin pasportlar ona eyni mərkəz tərəfindən təqdim edilib. Lapşinin sadə bloggerə xas olmayan bu tip əməllərinin arxasında daha hansı məqamlar gizlənə bilər?
Təhlükəsizlik qurumlarının sabiq əməkdaşı Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, Lapşinin bu sayda ölkənin vətəndaşı olması doğrudan da diqqəti cəlb edir: "O xüsusilə də Azərbaycanla normal münasibətləri olan ölkələrin vətəndaşlığını daşıyır. Həmçinin İsrail vətəndaşıdır. İsrail isə öz vətəndaşlarının təhlükəsizliyini ön planda tutur. Bütün bunlara baxmayaraq, 3 pasportun varlığı Lapşini həbsdən xilas etmədi. Ancaq bu məsələdə Rusiyanın xüsusi narahatlığı nəzərə çarpır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və XİN-in mətbuat katibi Mariya Zaxarova Belarusun Lapşini Azərbaycana ekstradisiya etməsi əleyhinə açıqlamalar verdilər. Ancaq bunun da nəticəsi olmadı. Maraqlıdır ki, Lapşin Ukraynanın pasportuna malik olsa da, Kiyev Lapşinin həbsinə və Azərbaycana ekstradisiyasına heç bir reaksiya vermədi. İsrailin özü də Lapşinin ekstradisiyasına görə rəsmi Bakı ilə münasibətlərin gərginləşdirilməsində maraqlı deyil. Bəli, 3-lü vətəndaşlığın olması və hər dəfə qanunsuz səfərləri fərqli pasportla etməsi Lapşinin yalnız jurnalist fəaliyyətilə məşğul olmadığına dair şübhələrin ortaya çıxmasına əsas verir. Eyni zamanda, Ermənistanın bu həbsdən böyük narahatlıq keçirməsi Lapşinin onlara sərf edən hansısa gizli missiyanı həyata keçirdiyini üzə çıxarır. Yəqin ki, onunla bağlı aparılan istintaqda bu məqama xüsusi diqqət yetiriləcək. Çünki Lapşinin səfərinə yalnız separatçılara bəslədiyi "sevgi" kontekstindən yanaşmaq olmaz. Ən diqqətçəkən məqam isə onunla bağlı vətəndaşı olduğu 3 ölkədən yalnız birinin xüsusi narahatlıq ifadə etməsidir".
Məhəmmədəli QƏRİBLİ