Əhməd Şahidov: "Rusiya XİN rəsmilərinə səslənirəm: Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır"
Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər etmiş, burada qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyi"ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar səsləndirmiş, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin fevralın 7-də Belarus Respublikasından Azərbaycan Respublikasına ekstradisiya edilib.
Bu məsələ bir neçə ölkədə ciddi müzakirələrə səbəb olub. Azərbaycan, Ermənistan, Rusiya, Ukrayna, İsrail və digər ölkələrin sosial şəbəkələrdəki nümayəndələri fərqli mövqe nümayiş etdirib.
Xüsusilə Rusiya bu məsələyə dövlət rəsmiləri səviyyəsində reaksiya verir. Öz vətəndaşına dəstək mövqeyi sərgiləyir. Maraqlıdır, Rusiya həqiqətən vətəndaşlarının qeydinə belə qalırsa, onda öz vətəndaşı olan Dilqəm Əsgərovu niyə müdafiə etmir? Dilqəm Əsgərov, Lapşindən fərqli olaraq, heç bir cinayət etməyib. O, öz ata-baba torpaqlarına gedərkən işğalçılar tərəfindən girov götürülüb. Bu təzadı necə izah etmək olar?
Beynəlxalq qurumlarda kəlbəcərli girovların hüquqlarını aktiv müdafiə edən Əhməd Şahidov qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələni siyasiləşdirməyə ehtiyac yoxdur, sırf hüquqi prosedurdur: "Müəyyən qüvvələr, xüsusən də Ermənistan tərəfi məsələyə siyasi don geyindirməyə çalışır. Halbuki, Aleksandr Lapşinin əməllərində konkret cinayət əməlləri var. Milliyyətindən asılı olmayaraq, istənilən şəxs həmin addımı atsaydı, eyni qayda ilə cinayət məsuliyyətinə cəlb ediləcəkdi. Mən Aleksandr Lapşinin vəkili Karinna Moskalenkonun mətbuata verdiyi açıqlamalarla tanış oldum. Çox güman ki, gələcək məhkəmə prosesi zamanı Lapşinin vəkilləri daha çox olacaq və onlar Aleksandr Lapşinin vətəndaşı olduğu ölkəyə təhvil verilməsini tələb edəcək. Xüsusən də Rusiyaya təhvil verilməsi barədə fikirlər səsləndirilir. Rusiya XİN rəsmilərinin də bu məsələdə narahatlığı ortadadır. Onlar da əsas kimi Rusiya Federasiyasının Konstitusiyasını göstərir. Həmin Konstitusiyanın 61.1 maddəsinə görə, Rusiya Federasiyası vətəndaşlarının başqa ölkəyə təhvil verilməsi qadağandır. Həmin Konstitusiyanın 61.2 maddəsinə görə, Rusiya dövləti öz vətəndaşlarının xaricdə hüquq və azadlıqlarının təminatına zəmanət verir. Təbii ki, bütün bunlar Rusiyanın öz vətəndaşını müdafiə etməli olduğu anlamına gəlir və gələcəkdə Moskvadan gələcək vəkillərin A.Lapşinin müdafiəsinə qoşulacağı gözləniləndir. Həmin vəkillər məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra A.Lapşinin öz cəzasını Rusiyada çəkməsi üçün vəsatət qaldıra bilər. Lakin bu, yeni presedent yaradacaq. Mən əslən azərbaycanlı olan, lakin Rusiya Federasiyası vətəndaşı Dilqəm Əsgərovun həbsini və onun üzərində qurulmuş saxta məhkəməni xatırlatmaq istərdim. 11 iyul 2014-cü ildə qanunsuz həbs edilən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində saxta məhkəmə prosesi keçirildi. Həmin prosesin nəticəsi olaraq, 29 dekabr 2014-cü ildə Şahbaz Quliyevə 22 il, Dilqəm Əsgərova isə ömürlük həbs cəzası verildi. Mən Rusiya vətəndaşı olan Dilqəm Əsgərov üzərində dayanmaq istəyirəm və A.Lapşini müdafiə edən rus vəkillərə, habelə Rusiya XİN rəsmilərinə səslənirəm: Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır. Lakin onun həbsindən sonra, habelə barəsində qanunsuz məhkəmə hökmü çıxarılarkən Rusiyadan hər hansı reaksiya - açıqlama, nota, ziyarət cəhdi belə olmadı. Bəs Rusiya Federasiyası Konstitusiyasının 61.2 maddəsi nə tez unuduldu?! Amma bu səhvi düzəltmək bu gün də gec deyil. Düşünürəm ki, Lapşinin məsələsi Dilqəm Əsgərov üçün presedent rolunu oynayacaq və nəhayət ki, Rusiya Federasiyası öz vətəndaşı olan Dilqəm Əsgərova sahib çıxacaq."
Məhəmmədəli QƏRİBLİ