Mövcud Ermənistan iqtidarının davam etdirdiyi işğal siyasətinə bu ölkənin özündə belə narazılıqların gedərək artan xətt üzrə inkişaf etməsi müşahidə olunur. İndi daha çox sayda erməni anlayır və qəbul edir ki, Dağlıq Qarabağ münaqişəsi davam etdiyi müddət ərzində Ermənistanın bir dövlət olaraq da yox olmaq ehtimalı sürətlə yüksəlir. Elə bundan irəli gəlir ki, qarşı tərəfdə də Qarabağ konfliktinin mümkün qədər tez və konstruktiv həllini istəyənlərin sayında artım qeydə alınır. Bunu Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulanların sayı da əyani surətdə təsdiq edir.
Xalq diplomatiyasının vacib təzahür formalarından sayılan Sülh Platformasına qatılanlar, o cümlədən də ermənilər Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllini zəruri sayır və bu istiqamətdə də fəal iş aparırlar. Onu da qeyd edək ki, Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulan ermənilərin sayının artması erməni hakimiyyəti üçün ciddi narahatlıq mənbəyinə çevrilib. Əvvəla, Platforma iştirakçıları Serj Sarkisyan rejiminin cinayətkar, qəsbkar mahiyyətini açıq şəkildə diqqətə çatdırır. Bura qatılanlar bəyan edir ki, mövcud hakimiyyət Qarabağ münaqişəsinin uzanmasında maraqlıdır. Çünki ölkənin düşdüyü ağır durum, hakimiyyətin xalqı soyması məhz Qarabağ münaqişəsi ilə pərdələnir. Bu səbəbdən hesab edilir ki, hakimiyyət sırf öz maraqları hesabına konfliktin həllini əngəlləyir və Ermənistanı yeni problemlərə sürükləyir. Hesab edilir ki, bütün bunların qarşısını almaq üçün Qarabağ problemi tezliklə həllini tapmalıdır. Problemin həllini tapması isə eyni zamanda Ermənistandakı indiki hakimiyyətin sonunun çatması deməkdir. İkinci bir tərəfdən, belə şəraitdə Ermənistan-Azərbaycan Sülh Platformasına qarşı tərəfdən qoşulanların sayının artması Sarkisyan iqtidarını daha çox təşvişə salır. Çünki hakimiyyət sayı artmaqda olan bu insanların qarşısında uzun müddət tab gətirə bilməyəcəyini yaxşı bilir. Bu mənada Ermənistan-Azərbaycan Sülh Platforması rəsmi İrəvan üçün artıq çox ciddi narahatlıq predmetidir. Çünki bura qatılanlar, o cümlədən də ermənilər bildirir ki, Ermənistan hökuməti işğal faktını dayandırmalı, öz ordusunu geri çəkməli, məcburi köçkünlərin doğma yurd-yuvalarına layiqli və təhlükəsiz qayıtmaq hüququnu təmin etməlidir. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Avropa Şurasının qətnamələri burada əsas götürülməlidir. Sülh Platforması, artıq bilindiyi kimi, münaqişənin ölkələrin ərazi bütövlüyü prinsipi, yəni Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini nəzərdə tutur. Bu reallığı qəbul edən Ermənistandan olan bir sıra şəxslar yarandıqdan dərhal sonra Platformaya qoşulub. Ukraynada "Avromaydan" hərəkatında iştirakı ilə tanınan erməni fəal Aram Karapetyan, Ermənistan Yazıçılar İttifaqının üzvü, yazıçı Vaaqn Karapetyan, gənc siyasi fəal Aram Virabyan, jurnalist Artyom Avakimov, vətəndaş cəmiyyəti və erməni diasporasının üzvü Anait Sinanyan, vətəndaş cəmiyyətinin üzvü Tamella Arzumanyan, aktivist və jurnalist Lusine Nersisyan, erməni iş adamı Erik Xaçaturov, eləcə də digərlərini buna misal göstərmək olar. Onların əsas mövqeyi budur ki, Sarkisyanın kriminal rejimi erməni xalqına Azərbaycanla münaqişəni həll etməyə imkan vermir. Platformanı yaradanlardan olan "Milli Azadlıq Hərəkatı" ictimai təşkilatının sədri Vahan Martirosyan isə bu xüsusda qeyd edir: "Qarabağa görə Ermənistanı itirə bilərik. Çoxlu gənc ölüb və bütün bu cəsədlərin məsuliyyəti Sarkisyanın vicdanındadır. Azərbaycanla münaqişə həm Ermənistanda, həm də Qarabağda iqtisadi, sosial, demoqrafik və mənəvi-pxisoloji vəziyyəti pisləşdirib və münaqişənin mərhələli şəkildə, digər məsələlərlə yanaşı, Azərbaycan bölgələrinin işğaldan azad edilməsini nəzərdə tutan həlli yolu vacibdir". O qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunan anda Serj Sarkisyan rejiminin ömrü başa çatacaq. O bildirib ki, Qarabağda əhali iki yerə ayrılıb: "Bunların biri elitadır və oyuncaq Dağlıq Qarabağ prezidentinin ətrafında olan insanlardır. Əhalinin əksəriyyəti isə acınacaqlı durumdadır. Qarabağda referendum keçirilsə, əhali Qarabağın Azərbaycanın tərkibində qalmasına səs verəcək. Onların suyu, ərzağı yoxdur". Sülh Platformasının digər üzvü, yazıçı-publisist və ictimai xadim Vahe Avetyan isə bəyan edir ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı və Ermənistan burada sülhməramlı qismində çıxış etməlidir: "Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin tənzimlənməsində də rol oynaya bilər"."Meridian" hüquq müdafiə təşkilatının sədr müavini, jurnalist Syuzan Caqinyan da eyni mövqeni bölüşür və Sülh Platformasına qoşulmasının səbəbini belə izah edir: "Artıq Ermənistan hakimiyyətinin törətdiyi qanunsuzluqlara sadəcə dözmək və onlara ortaq olmaq istəmədim. Kimsə özbaşınalıq edir və sən bu halda susursansa, onda avtomatik onun köməkçisi olursan. Ermənistanda indiki hakimiyyətin yaratdığı mühit isə artıq qanunsuzluq yox, əsl cinayətdir. Öz xalqına və hətta öz yaxın ətrafına qarşı cinayət. Ermənistandakı indiki yüksək dairə hətta özü-özünə etibar etmir. Lazım olarsa, istənilən şəxsi - naziri və ya başqasını öz sıralarından çıxara və hətta öldürə bilərlər. Onlar öz mahiyyətlərinə görə cinayətkardır".
Sülh Platformasına qoşulan və buna görə Serj Sarkisyan rejiminin təqiblrinə məruz qalan vətəndaş fəalı Sergey Culakyan da İrəvanın Qarabağ siyasətinə etiraz edənlərdəndir. O vurğulayır ki, məhz Sarkisyan hökuməti münaqişənin sülh yolu ilə həllində əsas maneədir: "Çünki münaqişənin həll olunması bu rejimin varlığına son qoyacaq. Mən hər şeyi etmək istəyirəm ki, bizim torpaqlarımızda sülh bərqərar olsun. Amma Ermənistan və Azərbaycan arasında sülhə yol Sarkisyan hökumətinin devirilməsindən keçir. Biz hər şeyi etməliyik ki, xalqlarımızı bu kriminal dəstədən qurtaraq". Onun sözlərinə görə, problemin çözümünə vətəndaş sektorunun cəlb edilməsi də çox müsbətdir və danışıqlar masası arxasına siyasətçilərlə diplomatların deyil, bu münaqişədən əsas əziyyət çəkən sadə xalqın nümayəndələrini əyləşdirmək çox effektiv və faydalı olacaq: "Bundan başqa, bilirəm ki, Ermənistanda və Qarabağda bir çoxları məsələnin bu yolla həllinin tərəfdarıdır. Bu, ilk növbədə mənim xalqıma və ölkəmə çoxdan intizarında olduğu sülh və firavanlığı gətirə bilər. Çünki Ermənistanda vəziyyət heç zaman olmadığı kimi çox ağırdır. Xalq total qorxu və daxili siyasi proseslərə inamsızlıq şəraitində yaşayır. Desəm ki, yaşayış şəraiti aşağı, yaxud ağırdır, hesab edin ki, heç nə deməmişəm. Çünki vəziyyət sadəcə ağır deyil, insanlar acından ölür, donurlar, həm mənzillərində, həm də küçələrdə dünyalarını dəyişirlər, kommunal xidmətlərin haqqını ödəməyə imkanları çatmır. İş yoxdur, nəyinsə yaxşılaşacağına ümid də onun kimi. Qarabağda vəziyyət elə Ermənistanda olduğu kimidir, bircə fərqlə ki, buradakılar daha böyük qorxu içində yaşayır, Bako Saakyan və onun mafioz dəstəsinə qarşı çıxmağı heç ağlına da gətirə bilmir. Orada yaşayanların qorxudan başqa heç nəyi yoxdur. Bu da onunla nəticələnir ki, insanlar hər şeylərini ataraq, Qarabağdan hara gəldi qaçır".
Erməni yazıçısı və publisisti Arakel Arakelyan da Sülh Platformasının nəticə verəcəyinə inanır. O, Qarabağ münaqişəsinin müasir erməni cəmiyyəti üçün çox ciddi problem olduğunu vurğulayır və bu mənada Sülh Platformasına Ermənistanda daha çox insanın dəstək verdiyini qeyd edir: "Mən Sülh Platformasını dəstəkləyirəm və istənilən sülhməramlı proseslərə şadam. Platformada vurğu xalq diplomatiyasınadır, başqa sözlə, ictimai sektora. Kim bilir, bəlkə elə iki ölkənin qarşıdurmasının islah edilməsinə gedən ən doğru yol budur. Şübhə etmirəm ki, bir müddət sonra xalqlarımızda gələcəyimiz, uşaqlarımız üçün məsuliyyət hissi baş qaldıracaq və bu, sülh yolunda hiss olunan addımların atılmasına gətirib çıxaracaq. Hamı çoxdan anlamalı idi ki, Qarabağ müharibəsi böyük faciədir. Anlamaq acı verir ki, 25 il ərzində Ermənistan vətəndaşlarını aldadıblar, onlara təlqin ediblər ki, qalib gəliblər, bu müharibədə qələbə ermənilər tərəfdədir. Əslində isə, bu müharibədə qalib Azərbaycandır, Ermənistan deyil. Çünki məhz bu müharibənin nəticəsi olaraq, bizdə cinayətkarlar peyda olub ki, xalqımızı və ölkəmizi talayırlar".
Digər erməni fəal Tamella Arzumanyan da Sülh Platformasının yaradılmasını alqışlayır. O da Platformanı və onun perspektivlərini yüksək qiymətləndirir: "Müharibədən, qurbanlardan və bu illərdə keçdiyimiz əzab-əziyyətdən yorulmuşuq. Fikrimcə, bu Platforma bizi çatmağa can atdığımız məqsədə, yəni sülhə və sağlam düşüncəyə yaxınlaşdırmaq iqtidarındadır". ABŞ-dakı erməni diasporunun üzvü Anait Sinanyan da Platformaya böyük ümidlərlə yanaşır: "Buradan, uzaqdan biz hər şeyi Ermənistanda olduğundan daha yaxşı görə bilirik. Yoxsulluq, kriminal, teleekranlardan və qəzetlərdən yağan yalan öz ölkəsində yaşayan bəzi ermənilərə rasional və ayıq başla düşünməyə imkan vermir. Sarkisyan münaqişənin sülh yolu ilə həllinə qarşı çıxır. Çünki birincisi, bununla o, ciblərini doldurur, ikincisi isə, hakimiyyətini saxlayır. Mən Platformaya ona görə qoşulmuşam ki, bunu mənə düşüncəm və ürəyim diqtə edir. İstəyirəm ki, uşaqlarım ölkəmi inkişaf etmiş, güclü görsünlər. Buna qarşı çıxanlar isə cinayətkarlardır". Daha bir erməni ictimai fəal Lusine Nersisyan da Sülh Platformasına böyük ümidlərlə yanaşır. O bildirir ki, Qarabağ münaqişəsinin mümkün qədər tez həlli zəruridir: "Qarabağ müharibəsi, faktiki olaraq, Ermənistanın özgə torpaqlarını işğal etməsinə gətirib çıxardı və bütün sahələrdəki inkişafı dayandırdı. Hamı əziyyət çəkir, ilk növbədə isə bu müharibədən cana doymuş xalq. Aprel döyüşləri zamanı çox şey bəlli oldu, ilk növbədə hakimiyyətin öz xalqına necə münasibət bəslədiyi göründü. Xalqı qurbanlıq kimi top qarşısına göndərirdilər. Münaqişənin həllinə yönələn Sülh Platformasını, əminəm ki, bir çox həmvətənimiz dəstəkləyəcək, çünki hamı sülh şəraitində və firavan yaşamaq istəyir". Sülh Platformasına qatılan ermənilərin ortaq mövqeyi budur ki, Qarabağ münaqişəsinin həlli tezləşməli, Sarksiyan rejiminin yaratdığı bütün əngəllər aradan qalxmalı, Azərbaycanla mehriban qonşuluq şəraitində yaşanılmalıdır. Bu fikirdə olan ermənilərin sayının sürətlə artması Qarabağ məsələsində Ermənistan daxilində hakimiyyətə yeni ciddi təzyiqdir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.