"Müəyyən dairələr bu minvalla Azərbaycanla Belarusun münasibətlərini korlamaq istəyir"
Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünü tanımayan, suverenliyini şübhə altına alan və Dağlıq Qarabağdakı separatçı rejimin dəstəkçisi, sözçüsü olan, Azərbaycanın işğal olunmuş əra
zilərinə qanunsuz səfər edən Rusiya vətəndaşı Aleksandr Lapşin əlləri qandallı Bakıya gətirildi. Belarusun bu siyasi iradəsi və prezident Lukaşenkonun haqq-ədaləti müdafiə etməsi, Ermənistan kimi, Rusiyanı da qəzəbləndirib. Belə ki, Lapşinin ekstradisiyasının səhəri Rusiya Xarici İşlər Nazirliyi dərhal bəyanat yaydı.
Həmin bəyanatda deyilir ki, Rusiya bundan məyusluq hissi keçirir: "Rusiya tərəfi Rusiya və Belarus arasındakı müttəfiqlik əlaqələrinin ruhuna uyğun olmayan məlum qərardan dərin məyusluq hissi keçirir. Rusiya öz vətəndaşının tezliklə ailəsinə qaytarılması məqsədilə onun qanuni maraq və hüquqlarının qorunması üçün bütün tədbirləri görəcək".
"Belarusdan Azərbaycana ekstradisiya edilmiş blogger Aleksandr Lapşinə görə Bakı ilə danışıqlar aparılmasa da, müdafiəsi üçün hüquqi tədbirlər görülür". Bunu isə RİA "Novosti"yə açıqlamasında Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Bundan başqa, Rusiyanın Bakıdakı səfiri Daroxin xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək sözügedən məsələni müzakirə edib.
Azərbaycana sözdə dost münasibəti göstərən, ancaq əməlində işğalçı Ermənistanın maraqlarını qoruyan Rusiya niyə Lapşinə görə bu qədər narahatdır?
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bunu bir sıra amillərlə əlaqələndirdi: "Rusiyada müəyyən dairələr bu minvalla Azərbaycanla Belarusun münasibətlərini korlamaq istəyir. Çünki Azərbaycan və Belarus müstəqil siyasət aparır. Bu iki dövlət bir-birinin qayğısına qalır. Rusiyada olan müəyyən siyasilər Azərbaycanın Belarus və Ukrayna ilə münasibətlərinə qısqanclıqla yanaşır. O üzdən, baş verənləri erməni faktoru ilə o qədər də əlaqələndirmirəm. Bunu daha çox Azərbaycan-Belarus münasibətlərini korlamaq məqsədi daşıdığını düşünürəm. Rusiyanın Lapşinlə bağlı sərgilədiyi mövqe məntiqsiz və ziddiyyətlidir. Rusiya vətəndaşını belə qoruyursa, o zaman digər vətəndaşlarına da sahib çıxsın. ABŞ-ın sifarişi ilə Rusiyanın 23 vətəndaşı İnterpol xətti ilə tutularaq saxlanıb. Onlardan 7-si ABŞ-da həbsdədir. O zaman Rusiya onlara görə niyə narahat deyil?! Ona görə də rəsmi Moskvanın Lapşinə görə belə narahat olması məntiqi baxımdan başadüşülən deyil".
Vidadi ORDAHALLI