Rauf Zeyni: "Lapşinin Azərbaycana ekstradisiya olunması böyük hadisədir və bir çoxlarına bu dərs olacaq"
Xeyli vaxtdır gündəmi zəbt edən Aleksandr Lapşinin məsələsinə nöqtə qoyuldu və Azərbaycana ekstradisiya olundu. Bu, Azərbaycan diplomatiyasının uğurudur. Azərbaycan dövlət müstəqilliyinə, dövlət maraqlarına qarşı çıxan, bununla da milli qanunvericiliyini, beynəlxalq hüquq normalarını pozan insanlara qarşı həmişə birmənalı mövqeyini ortaya qoyub. Bu da həmin mövqenin məntiqi nəticəsi. Lapşin ölkəmizə ekstradisiya olundu. Üç ölkənin vətəndaşlığını daşıyan blogger Lapşinin Bakıya ekstradisiyası Azərbaycan qanunlarını pozan, respublikamıza hörmət etməyən hər kəsə bir dərs oldu. Bu, başqa ölkə vətəndaşlarının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərlərinin azalmasına gətirib çıxaracaq. Belarusu ittiham edənlər bilməlidir ki, bu ölkə bütün addımları beynəlxalq hüquq çərçivəsində atıb. Lapşinin Azərbaycana gətirilməsi dövlətimizin gücünün, eyni zamanda, Belarusun, bu ölkənin prezidenti Lukaşenkonun sözübütövlüyünün göstəricisidir. Lapşinin ekstradisiyası onun havadarlarını yaman narahat edib. Son vaxtlar onların bununla bağlı qədərindən artıq canfəşanlıq göstərməsi bunu deməyə əsas verir. Ancaq Belarusun beynəlxalq hüquq normalarına sözdə və əməldə sadiq olması göstərdi ki, belə məqamlarda siyasi təzyiq yersizdir. Bu həm də rəsmi Minskin Azərbaycana göstərdiyi hörmətin nümunəsi idi. Bütün bunların fonunda, Lapşinin Bakıya ekstradisiyasında Belarus-Azərbaycan, Aleksandr Lukaşenko və İlham Əliyev dostluğu nə dərəcədə rol oynadı? Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən Milli QHT Forumunun prezidenti Rauf Zeyninin sözlərinə görə, hər iki faktorun bu məsələdə rolu var: "Əvvəla Lapşinin Azərbaycana ekstradisiya olunması böyük hadisədir və bir çoxlarına bu dərs olacaq. Bu, Azərbaycan dövlətinin həm siyasi iradəsini, həm də gücünü ortalığa qoyması sayəsində baş tutdu. Yəni Azərbaycan sıradan bir ölkə deyil. Öz sözünü, iradəsini həyata keçirmək imkanı olan dövlətdir. Bu da bizim mənfur düşmənlərimizə böyük bir ibrətdir. İkinci bir tərəfdən, beynəlxalq hüquq normaları çərçivəsində onun Azərbaycana ekstradisiya olunması tam qanunauyğundur. Burada heç nəyə təəccüblənmək lazım deyil. Bütün bunların fonunda, bu işin uğurla başa çatmasında Prezident İlham Əliyevin liderliyinin, onun şəxsi nüfuzunun rolu böyükdür. Onun yeritdiyi düzgün və məqsədyönlü siyasət öz nəticəsini verir. Bir zamanlar onun Belarus dövlətinə verdiyi dəstək hansısa formada öz əksini tapır. Ona görə də aparılan düzgün siyasət öz bəhrəsini verir. Şübhəsiz, bu məsələdə iki dövlət başçısı arasında olan dostluq münasibətlərinin də rolu var. Bu məsələdə Belarus prezidenti Lukaşenkonun sərgilədiyi mövqe təqdirəlayiqdir". Vidadi ORDAHALLI