Azərbaycan Ermənistandakı Metsamor AES-lə bağlı vəziyyətdən narahatdır. Trend-in məlumatına görə, bu sözləri "RİA Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, bu stansiya artıq köhnəlmiş hesab olunur. Nazir deyib: “Biz hər zaman regional tərəfdaşlarımızla birgə Metsamor AES-lə bağlı narahatlığımızı ifadə edirik. O artıq çox köhnəlib, demək olar ki, “Çernobıl variantıdır”. Xoşbəxtlikdən “Rosatom” bunun üçün əlavə vəsait ayırır. Amma prinsip etibarilə, bu stansiya öz müddətini başa vurub. Birdən nə isə baş versə, təkcə Ermənistan yox, hamı zərər çəkəcək”.
“Aleksandr Lapşinin məsələsinin gərəksiz siyasiləşdirilməsi məni hiddətləndirir və təəccübləndirir”. APA-nın məlumatına görə, bu sözləri də E.Məmmədyarov deyib.
Nazir bildirib ki, həmin şəxs qanunları pozub və müvafiq olaraq hüquqi əsasla cinayət işi başladılıb: “Onu hər dəfə bloger adlandırırlar. Əgər o mühəndis olsaydı, onunla maraqlanardılar? Hər şey qanun çərçivəsində edilib. Bloger olması ilə bağlı spekulyasiyalar əsas vermir ki, o, qanun qarşısında toxunulmaz olsun”.
“Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşündə iştirak etməyə hazırıq” - Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, konkret vaxtla bağlı hələ ki təklif yoxdur: “Bu barədə ideya mən Moskvada olarkən səsləndi. Sergey Lavrov belə bir təklif irəli sürdü və mən hazır olduğumu bildirdim. Lakin bu görüş iş qrafikinin razılaşdırmasını tələb edir”.
Nazir qeyd edib ki, mövcud status-kvo ola bilsin ki, Ermənistandan başqa heç kəsi qane etmir: “Biz neçə dəfə mənim iştirakımla nazirlərin görüşündə məsələnin yerindən tərpədilməsinə yaxın olmuşuq. Danışıqlar masasını tədricən problemlərdən təmizləmək lazımdır. Ən əsas problem isə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində mövcudluğudur. Hərbçilər kazarmalara qayıtmalıdır. Bu isə özlüyündə böyük imkanlar açacaq. Bu, planın bir hissəsidir”.
E.Məmmədyarov deyib Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğu Moskva və Yerevanın öz işdir, lakin Bakı bunu hər zaman nəzərə alır. O xatırladıb ki, həmin hərbi baza orada Sovet İttifaqı dövründən mövcuddur: “Orada, NATO üzvü Türkiyə ilə sərhəddə kifayət qədər güclü hərbi qrup olub. İndiki halda Rusiya və Ermənistan bunu özləri müəyyən etməlidir. Lakin əlbəttə ki, təhdid və çağırışları nəzərə alaraq biz də gözüaçıq olmalıyıq”.