ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) gəldiyi rəy ölkə rəsmiləri arasında, eləcə də mətbuatda böyük səs küy yaradıb.
CIA rus hakerlərinin seçkiyə müdaxiləsilə bağlı tutarlı dəlilləri olduğunu elan edib. Agentliyin məlumatına görə, hakerlərin məqsədi demokratların namizədi Hillari Klintonun kampaniyasını sarsıtmaq, Donald Trampın qələbəsini təmin etməkmiş.
«The Washington Post» qəzeti yazır ki, CIA hətta Rusiya hökumətilə bağlılığı olan və H.Klintonun şanslarına zərbə vurmaqdan ötrü fəaliyyət göstərən şəxslərin kimliyini aşkarlayıb. Agentlik rusların, azı, iki ştatda kiber hücumlarda rolunu, demokratların qurumları və rəsmilərinin elektron poçtlarına müdaxilədə iştirakını təsdiqləyən faktları topladığını bildirib.
«The Washington Post» CIA-nın əlindəki dəlilləri senatorlarla, bağlı qapılar arxasında müzakirə etdiyini yazır. Adlarının açıqlanmasını istəməyən rəsmilərin dediyinə görə, senatorlara D.Trampın seçilməsinin Rusiyanın məqsədi olduğunu söyləyiblər.
Prezident Barak Obama seçki kampaniyası zamanı qeydə alınan kiber hücumların ətraflı araşdırılması barədə göstəriş verib. Ağ Ev Milli Təhlükəsizlik və Terrorla Mübarizə müşaviri Lisa Monako Obamanın əmrilə ölkənin kəşfiyyat qurumlarının seçkilərlə bağlı iddiaları araşdıracağını və bununla bağlı hesabat hazırlayacağını deyib: "Prezident 2016 seçkilərində nələr yaşandığının tam olaraq araşdırılması, bundan dərs çıxarılması və nəticələrin Konqresin də aralarında olduğu əlaqədar qurumlara bildirilməsi üçün kəşfiyyat təşkilatlarına təlimat verib".
Araşdırma Obamanın postunu təhvil verəcəyi tarixə - 20 yanvar 2017-ci ilə kimi tamamlanacaq və hesabat Konqreslə də paylaşılacaq.
Yeni seçilmiş prezident D.Tramp isə «Fox News» kanalına müsahibəsində CIA-nın rəyinə inanmadığını deyib: «Məncə, bu gülüncdür, sadəcə, yeni bəhanədir».
D.Trampın müşaviri və keçmiş meneceri Kellyanne Konvay CBS-ə danışarkən «The Washington Post»un rəsmi məlumata əsaslanmadığını, Rusiyanın D.Tramp-a yardımını təsdiqləyəcək faktların olmadığını söyləyib. Onun sözlərinə görə, rəqibləri seçkinin nəticələrini məhkəmədə çəkişdirməyə can atırlar, halbuki D.Tramp böyük qələbəni qazanıb.
«Mənim məqsədim məhkəmədə çəkişmək deyil, mən, sadəcə, bunun təkrarlanmasının önlənməsini istəyirəm». Bunu məsələsinin araşdırılmasını istəyən senatorlardan biri –Anqus Kinq «The New York Times»a müsahibəsində deyib.
Qəzet yazır ki, CIA-nın bu barədə niyə indiyə qədər susması, dəlillərdən seçkidən öncə deyil, sonra danışması aydın deyil.
«The New York Times» CIA-nı qınayan D.Trampın 2002-ci ildə baş verənləri yada saldığını qeyd edir. O zaman agentlik İraq lideri Saddam Huseynin kütləvi qırğın silahına malik olduğunu demiş, amma sonra həmin məlumatlar təsdiqini tapmamışdı. Bu faktı xatırladan D.Tramp amerikalı casusların bacarıqsız və tərəfli olduğunu söyləyib.
Bəs D.Tramp bu qədər sərt tənqid etdiyi kəşfiyyat agentliyi ilə necə işləyəcək? «Fox News»un bu sualına cavabında müşaviri K.Konvay D.Trampın agentliyə sayqı göstərdiyini, onun rəyini «gülməli» adlandırmağın qəbuledilən olduğunu söyləyib.
Hazırda respublikaçılar da daxil olmaqla, bir neçə nüfuzlu senator Rusiyanın seçkiyə müdaxiləsilə bağlı ittihamların ciddi araşdırılmasını tələb edir. Onların fikrincə, bu məsələ hər bir amerikalını narahat etməli, D.Tramp da problemə tərəfsiz yanaşmalıdır. D.Tramp isə nəinki rəyi rədd edir, həm də müdaxilə cəhdlərinin arxasında Çinin, ya da hansısa adi bir hakerin dayana biləcəyini istisna etmir.