Şimal qonşumuzun Ermənistana verdiyi "İsgəndər" raketləri barədə getdikcə maraqlı məqamlar üzə çıxır. Belə bəlli olur ki, həmin raketlərin düşmən tərəfə verilməsi, əslində qüvvələr nisbətində heç bir dəyişikliyə gətirib çıxarmır və bunu ermənilər özləri də yaxşı bilir. Həmçinin, hərbi əməliyyatların gedişində ermənilərin bu raketləri istifadəyə yönəltməsi də mümkünsüz sayılır.
Xatırladaq ki, Rusiya 200 milyon dollarlıq güzəştli kredit çərçivəsində Ermənistana silah satışına başlayıb. Rusiyanın İrəvandakı səfiri İvan Volınkin bildirib ki, bu fakt Rusiya-Ermənistan müttəfiqliyinin xarakterini göstərir. Səfir "İsgəndər"in satışının əldə olunmuş razılaşmaya uyğun aparıldığını və bunun Rusiya ilə Ermənistan arasında "müttəfiqlik və qardaşlıq" anlamına gəldiyini deyib: "Plana uyğun olaraq həyata keçirilən müqavilə öhdəlikləri imzalanıb. Artıq hər şey plana uyğun şəkildə gedir". Qeyd edək ki, 2015-ci ildə iki ölkə arasında imzalanan sazişə görə, Rusiya Ermənistana ondan silah alması üçün 200 milyon dollarlıq kredit verib. Bu saziş çərçivəsində Rusiya Ermənistana "Smerç" reaktiv-yaylım atəşi sistemləri, TOS-1A "Solntsepyok" odsaçanları və digər silahlar verməyə razılaşıb. Amma erməni politoloq Ayk Martirosyan vurğulayır ki, Ermənistanda "İsgəndər-M" raket-kompleksinin nümayişi şou olub. Onun sözlərinə görə, "İsgəndər-M"-in nümayişi heç nəyi dəyişmir: "Ermənistan bir gecədə İsveçrə, yaxud Avstriya olmadı. Digər tərəfdən, bu raket kompleksinin həqiqətən Ermənistana məxsus olduğu, yoxsa Rusiyanın bazasına aid olduğu müzakirə mövzusudur. Bütün hallarda "İsgəndər-M" xüsusi hal deyil. Bu atom bombası deyil ki, bütün bölgəni məhv etsin, yaxud belə bir qorxu yaratsın. Deyək ki, "İsgəndər-M" Ermənistanda var, lakin bu nə qədər güclü olsa da, erməni ordusunun Azərbaycana qarşı nəsə edəcəyini düşünmək çətindir". Politoloq Ermənistanın özünü aldatmamasını məsləhət görüb: "Biz özümüzü aldatmamalıyıq. Əgər bizim atom bombamız olsaydı, o zaman nəsə danışa bilərdik. İndiki halda isə "İsgəndər-M"-in Azərbaycanı qorxutduğunu düşünmək sadəlövhlük olardı. Əminəm ki, Bakı artıq bu silaha qarşı ciddi hazırlıq aparıb. Bu baxımdan, "İsgəndər" onlar üçün baryer deyil". Digər erməni ekspert Stepan Qriqoryan isə hesab edir ki, Ermənistan "əzələ nümayişi" göstərsə də, arxa planda Qarabağ münaqişəsinin nizamlanması istiqamətində iş aparılır: "Bunu anlamaq üçün erməni liderlərin dəyişən mövqelərinə baxmaq lazımdır. Son aylar ərzində rəsmi İrəvanın Qarabağ məsələsində siyasəti aydınlaşdı. Əvvəl hakimiyyət etibar atmosferini yaratmağın lazım olduğunu deyirdisə, indi bildirirlər ki, dünya güzəştlərə getməyə məcbur edir və Ermənistan bu güzəştlərə hazırdır". Onun sözlərinə görə, erməni rəhbərliyinin müxtəlif tribunalardan etdiyi çıxışlar da İrəvanın güzəştləri qəbul etdiyinin sübutudur: "Lakin güzəştlərdən söhbət gedirsə, bu heç də, bizim rəhbərliyimizin dediyi kimi, Azərbaycanın da güzəşt edəcəyi demək deyil. Çünki rəsmi Bakı güzəştləri Ermənistan tərəfinin etməsini tələb edir, eyni mövqeyi Rusiya da paylaşır". İşğalçı ölkənin parlamentinin deputatı, ehtiyatda olan polkovnik Gevorq Baqdasaryan isə bildirir ki, Ermənistan "İsgəndər-M" raket sistemindən istifadə edə bilməyəcək. Bunun üçün Rusiyanın icazəsi lazımdır. O vurğulayıb ki, Ermənistan "İsgəndər-M" raketini Rusiyanın icazəsi olmadan Azərbaycana qarşı istifadə edə bilməz: "Hətta Türkiyəyə qarşı da bu silahdan istifadə olunması üçün icazə lazımdır. Vaxtilə Türkiyəyə məxsus helikopter Ermənistan ərazisini keçəndə Ermənistan o helikopteri vura bilmədi. Bunu bizə qadağan etdilər. Ancaq Rusiyanın təyyarəsi Türkiyə sərhədində olan kimi onu dərhal vurdular". Digər tərəfdən ermənilər onu da yaxşı bilir ki, Azərbaycan raket hücumundan müdafiə üçün müasir vasitələrə malikdir. Daha bir fakt odur ki, Azərbaycan Ermənistanda istənilən obyektə zərbə vura bilən raket istehsalına da start verir. Müdafiə sənayesi naziri Yavər Camalov bu xüsusda qeyd edib ki, hazırda 125 məmulatın üzərində təcrübə-konstruktor işləri aparılır: "Prioritet layihələrdən "hava-yer", "hava-hava", "yer-yer" raketlərinin üzərində iş gedir. Bundan başqa, dünyanın bir neçə aparıcı şirkəti var ki, onlarla da danışıqlar aparılır. 280 kilometr məsafədən ballistik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi istiqamətində də işlər həyata keçirilir". Nazir Ermənistana verilən "İsgəndər M" raketi haqda da danışıb: "Rusiyanın Ermənistana verdiyi "İsgəndər M" raketi 280 kilometr məsafədən vurur. Onlar da istifadə müddətini başa vurmuş ballistik raketlərdir".
Tahir TAĞIYEV