Qabil Hüseynli: "Biz gücləndikcə, burada çirkin ssenarilər həyata keçirmək istəyənlərin bütün niyyətləri alt-üst olacaq"
Sentyabrın 26-da keçirilən referendumun nəticələrinə görə, Azərbaycan yeni siyasi-hüquqi Konstitusiya dəyişikliklərinə "hə" dedi. Referendumun nəticələrinə görə, bundan sonra Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərərsə, Prezident ali qanunverici orqanı buraxa biləcək.
Yaxud Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyə namizədlərini iki dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təsdiqləmədikdə, yenə parlamentin işinə yeni seçkilərə qədər son qoya bilər.
Konstitusiyaya edilən daha bir mühüm dəyişikliyə görə, prezidentliyə namizədlər üçün otuz beş yaş həddi də (Azərbaycanda 10 ildən artıq daimi yaşamalı və sair tələblər də daxil) Konstitusiyadan çıxarılıb. Referendumun nəticələrinə görə, indən sonra Prezident 5 il müddətinə deyil, 7 il müddətinə seçiləcək.
Referendumda Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması təklif edilirdi ki, bu da artıq qanuniləşdirildi. Qeyd edək ki, bundan sonra idarəetmədə birinci vitse-prezident və vitse-prezidentlər postu yaradılacaq. Bu vəzifələrə təyinat hüququnu da Prezident həyata keçirəcək.
Referendumda qanuniləşən daha bir mühüm dəyişiklik Prezident vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası ilə bağlıdır. İndən sonra ölkə başçısı vəzifədən getdikdə onun səlahiyyətləri birinci vitse-prezidentə, o olmadıqda vitse-prezidentə, daha sonra ardıcıllıqla baş nazirə, Milli Məclisin sədrinə keçəcək. İndiyədək ölkənin ikinci səlahiyyətli şəxsi baş nazir hesab olunurdu.
Qeyd edək ki, bu, 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasına üçüncü dəyişiklikdir. Konstitusiyaya ilk dəyişiklik 24 avqust 2002-ci ildə, son dəyişikliklər isə 18 mart 2009-cu ildə həyata keçirilib. 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə 31, sonuncu dəfə isə 29 maddəyə 41 əlavə və dəyişiklik edilib.
Ortaya çıxan real mənzərə bundan ibarətdir ki, Azərbaycan xalqı referendum vasitəsilə ölkədə güclü mərkəzi hakimiyyətin formalaşmasına dəstəyini ifadə etdi. Bu faktor Qərbin Azərbaycanın daxili işlərinə ən müxtəlif müdaxilə ssenarilərini neytrallaşdırmaqda nə kimi rol oynayacaq?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, bu referendumda xalq Azərbaycanın gələcək inkişafına səs verdi: "Referendum öncəsi bir sıra təxribat xarakterli addımların şahidi olduq. Əsasən də Qərbin bəzi dairələri bu istiqamətdə xüsusi canfəşanlıq edirdi.
"Freedom House" kimi təşkilatlar erməni lobbisinin maliyyəsi ilə ölkəmizə qarşı qarayaxma kampaniyaları aparırdı. Bu yolverilməzdir. Bəzi Qərb təşkilatlarının bu qısqanclığı Azərbaycanın iqtisadi inkişafını, buradakı sabitliyi pozmağa hesablanmışdı.
Azərbaycan rəhbərliyinin müstəqil siyasət yürütməsi Avropadakı bəzi dairələrin ürəyincə deyil. Onlar baxır ki, Ermənistan istisna olmaqla, rəsmi Bakı bütün qonşu dövlətlərlə möhkəm əlaqələr qura bilib. Ölkədəki iqtisadi inkişaf böhrandan çox ziyan çəkmədən çıxmağa imkan yaratdı. Onlar hüquq və demokratiya bəhanəsi ilə Azərbaycanı təzyiq altında saxlamağa çalışır. Bunlar sadəcə ürək bulandıran bəyanat və qətnamələrdən başqa heç bir rola malik olmadı. Xalq bir daha mərkəzi güclü hakimiyyətin formalaşmasına dəstək verdi. Bu məsələdə dövlətlə vəhdət ortaya qoydu. Təbiidir ki, bu, Azərbaycanın qüdrətini bir qədər də artıracaq. Biz gücləndikcə, burada çirkin ssenarilər həyata keçirmək istəyənlərin bütün niyyətləri alt-üst olacaq".
Məhəmmədəli QƏRİBLİ