Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll prosesinin uzanması problemin hərbi müstəvidə çözümünü istisna etmir. Bunu nəzərə alan Azərbaycan hərbi müstəvidə mövqelərini davamlı şəkildə möhkəmləndirməkdədir. Qeyd olunan xüsusda önəmli məqamlardan biri ordunun həm yerli istehsal, həm də xaricdən alınan hərbi texnika hesabına gücləndirilməsidir.
Bu arada bəlli olub ki, Azərbaycanın Türkiyəyə sifariş verdiyi T-300 "Qasırğa" artilleriya sistemlərinin çatdırılması tamamlanıb. Sistemlərin çatdırılması ilə yanaşı, onu idarə edən heyətə də müvafiq təlimlər keçilib. KamAZ avtomaşınlarının şassisi üzərində yerləşən Azərbaycan "Qasırğa"ları universal dizayna malikdir.
Bildirilir ki, T-300 "Qasırğa" kompleksinin atış mənzili 105 kilometr, yeni hazırlanmış TRG-300 idarə olunan raketlərlə 120 kilometrdir. GPS və İNS naviqasiyasına malik TRG-300 raketinin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. TRG-300 raketinin uzunluğu 5.24 metr, ağırlığı 585 kiloqramdır. Yeri gəlmişkən, ROKETSAN şirkəti ADEX-2016 sərgisində TRG-300 raketini də Azərbaycan Silahlı Qüvvələri üçün nümayiş etdirəcək. ümumiyyətlə, Azərbayjan ordusu bu gün düşmənlə müqayisədə artilleriya baxımından da böyük üstünlüyə malikdir. Ölkəmiz əsasən Ukrayna, Rusiya, İsrail, Türkiyə, Belarus, Bosniya və Hersoqovinadan müxtəlif tipli raket-artilleriya silahları satın alıb. Məsələn, Rusiyadan 2S9 "Nona-S" özüyeriyən minaatanlar, 9A52 "Smerç", 2S19 "Msta-S" özüyeriyən haubitsası, 2S31 "Vena" özüyeriyən minaatanı, TOS-1A "Solntsepyok" ağır odatanı, 2S12 "Sani" tipli minaatan alınıb. Bu silahlar kifayət qədər güclüdür. Məsələn, piyada qoşunların və tankların atəş dəstəyi, rəqibin açıq və bağlı mövqelərini, hərbi texnikalarını yüksək təzyiqli atəş zərbəsi ilə məhv etmək üçün nəzərdə tutulmuş TOS-1A 220 mm çaplı idarə olunmayan reaktiv termobarik mərmilər tətbiq edir. Açıq ərazidə 6 kilometr atış məsafəsinə malik TOS-1A odatanının bir raketi 2 hektardan artıq sahədə dağıdıcı təsir göstərir.Dağlıq ərazilərdə daha güclü dağıdıcılıq qabiliyyətinə malik olan TOS-1 sisteminin atəşi zamanı meydana gələn zərbə dalğaları torpaq və daş uçqunları yaradır. TOS-1A müasir tuşlama avadanlıqlarına, lazer məsafəölçənə, müasir hesablama kompleksinə, elektro-hidravlik qurğulara, atış avadanlıqlarına, gündüz və gecə müşahidə qurğularına, rabitə cihazlarına, kütləvi qırğın silahlarından mühafizə sisteminə, yanğına qarşı qorumaya, maskalanma vasitələrinə malikdir. "Smerç"lə yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin uzaq məsafəli atəş dəstəyi 120 km məsafəyə malik "Toçka-U" operativ-taktiki raket kompleksi və İsrail istehsalı olan 150 km-lik Lynx EXTRA sistemləri hesabına təmin olunur. Bu sistemlər artıq praktiki baxımdan özünü doğruldub və dünyanın aparıcı ölkələri tərəfindən qəbul edilməkdədir. Xarici ölkələrlə bağlanmış müqavilələrlə paralel olaraq ölkə daxilində - Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində müəyyən artilleriya sistemlərinin və onların sursatlarının istehsalı layihələrinə start verilib.
Bu arada daha bir maraqlı fakt odur ki, İsrailin hərbi sənaye şirkəti "Aeronautics" LTD sentyabrın 27-də Bakıda başlayacaq ADEX-2016 müdafiə sərgisində ilk dəfə döyüş başlığı daşıyan iki yeni taktiki pilotsuz uçan aparatı təqdim edəcək. "The Jewish Business Times" nəşri yazır ki, bunlar "Orbiter 4" taktiki pilotsuz uçan aparatı və "Orbiter 1K" mini pilotsuz aparatıdır. "Aeronautics" LTD quruda, havada və dənizdə hərəkət edə bilən pilotsuz sistemlərin istehsalı ilə məşğuldur. Şirkətin istehsal etdiyi ən yeni pilotsuz aparatlardan olan "Orbiter 4 STUAS" çoxməqsədli və dünyanın ən qabaqcıl pilotsuz döyüş sistemidir. Eyni vaxtda iki fərqli faydalı yük, yəni hədəfi məhv etmək üçün nəzərdə tutulan döyüş başlıqları daşıya bilir. Aparat 24 saatdan çox fasiləsiz havada qala bilir, maksimal uçuş kütləsi cəmi 50 kiloqramdır və 6 min metrdən çox maksimal yüksəkliyə qalxır. "Orbiter 4"lə yanaşı, şirkət ADEX-2016 sərgisində "Orbiter 1K" mini pilotsuz sistemini də yerüstü nəqliyyat vasitəsində quraşdırılmış idaretmə sistemi ilə birlikdə təqdim edəcək. "Orbiter 1K" hərəkətsiz və ya hərəkətdə olan hədəfləri aşkar edib məhv etmək qabiliyyətinə malikdir.
Sistem, habelə, əvvəlcədən təyin edilmiş sahə bazasında avtonom rejimdə işləyə bilir. "Orbiter 1K" bazadan müstəqil şəkildə təyin olunmuş ərazinin videoçəkilişlərini aparır, hədəfi aşkar edir və stasionar, yaxud hərəkətdə olan hədəfi müstəqil şəkildə məhv edir. Hədəf aşkar edilməsə və ya planda hansısa dəyişikliklər baş versə, sistem bazaya qayıdır və paraşütünü, təhlükəsizlik yastığını özü açaraq yerə enir. "Orbiter 1K" 2-3 saat fasiləsiz havada qala bilir və sutkanın istənilən vaxtında döyüş vəzifəsini icra edir. Aparat kompaktdır və asan idarə olunur. "Aeronautics" LTD şirkəti həmin sistemlərin birgə istehsalı üçün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə işləyir. Şirkətin aeronavtika üzrə baş direktoru Amos Mathan bildirib:"Biz Azərbaycanın artan müdafiə bazarında böyük imkanlar görürük və məmuniyyətlə yerli Müdafiə Sənayesi Nazirliyi ilə sıx əlaqələr saxlayırıq". Xatırladaq ki, Azərbaycanın İsraildən aldığı "Harop" pilotsuz döyüş sistemləri bu ilin aprelində gedən döyüşlərdə ilk dəfə tətbiq olunub və düşmənin bir sıra hədəflərini yüksək dəqiqliklə məhv edib. Bu pilotsuz döyüş sisteminin tətbiqi ermənilər arasında böyük panikaya səbəb olmuşdu. İndi İsrail şirkəti bundan daha mükəmməl iki pilotsuz döyüş sistemini Bakıya gətirir və onların tezliklə ordumuzun sıralarında olması tamamilə gözləniləndir.
Nahid SALAYEV