"Yəni bununla sübut etmək istəyir ki, bizim yalan eşitməkdən səbr kasamız dolub"
MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən məhdud tərkibli iclasında Ermənistan prezidenti Serj Sarkisyan bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxış edib. O bu hadisələr zamanı Azərbaycanın guya atəşkəs rejimini pozduğunu deyib.
Ermənistan prezidentindən sonra əlifba sırası ilə Belarus prezidenti Aleksandr Lukaşenko çıxış etməli olsa da, Prezident İlham Əliyev Belarus prezidentindən xahiş edib ki, ona danışmaq üçün imkan versin. Belarus prezidentinin razılığından sonra çıxış edən Prezident İlham Əliyev Ermənistan prezidentinə tutarlı və sərt cavab verib: "Ermənistan prezidentinin sözlərinə şərh verməyi özümə borc bildim. Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin başqa beynəlxalq strukturlarda həll edilməsini əsas tutaraq, bu gün bu mövzuda danışmağı lazım bilmədim. Amma erməni tərəfinin növbəti şikayətini eşidəndə bunu şərh etməyi özümə borc saydım.
Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib. Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır - bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib - sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda, bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu".
Azərbaycan Prezidentinin Sarkisyanın sərsəmləməsinə bu şəkildə sərt və impulsiv reaksiya verməsi ölkə ictimaiyyəti tərəfindən dəstəklənir.
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, İlham Əliyevin Bişkekdə nümayiş etdirdiyi qətiyyət çox təqdirəlayiqdir: "Sarkisyan İlham Əliyevin cavab zərbələrinə öyrəncəklidir. Bir dəfə də Türkiyənin dövlət başçısının iclasda olmadığını görüb ürəklənmişdi. Onda da onun cavabını İlham Əliyev verdi. İlham Əliyevin növbəsini gözləmədən Sarkisyana cavab verməsi onun üçün həm də bir mesajdır. Yəni bununla sübut etmək istəyir ki, bizim yalan eşitməkdən səbr kasamız dolub. Hər an döyüşə hazırıq. Prezident tamamilə doğru buyurub ki, böyük rayonları, əraziləri işğal edən bir dövlət aprel ayında baş verən hansısa hərbi insidentə diqqəti yönəldir. Sarkisyanın dediyi insident Azərbaycanın işğal olunmuş ərazilərində yaşanıb. Günahkar da ermənilərdir. Onlar atəşkəsi pozduqdan sonra layiqli cavablarını alıb. Ölkə başçısının dərhal verdiyi cavab bir daha sübut edir ki, Azərbaycan müharibə əzmini itirməyib. Bizdə torpaqları azad etmək üçün böyük ruh yüksəkliyi var".
Məhəmmədəli QƏRİBLİ