İrəvanda post-patrul xidməti polkunun binasını ələ keçirmiş silahlı qruplaşmanın üzvü Varujan Avetisyan bəyan edib ki, girov saxladıqları tibb işçiləri yeni briqada ilə əvəzlənəcəyi təqdirdə onları azad etməyə hazırdırlar. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o deyib ki, burada girov yoxdur.
V.Avetisyan əlavə edib ki, tibb işçiləri özlərini yaxşı hiss edirlər və peşə borclarını yerinə yetirirlər.
Bu arada, İrəvanda atəş səsləri eşidilməsi barədə xəbər yayılıb. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Təsisedici parlament” adlı qurum xəbər yayıb.
Qurumun mətbuat katibi Süzan Simonyan sosial şəbəkədə paylaşdığı məlumata əsasən, Sari taxa adlı yerdə atəş səsləri eşidilir. O həmçinin polis şöbəsini nəzarətdə saxlayan "Sasna çrer" silahlı qruplaşmasının üzvü, "Tənha canavar” ləqəbi ilə tanınan Araik Xandoyanın ayağından yaralandığını yazıb.
A. Xandoyana snayper tərəfindən atəş açıldığı bildirilir.
Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan da deyib ki, İrəvanda polis post-patrul xidməti polkunun binasını ələ keçirmiş silahlı qrup üzvlərindən biri atışma nəticəsində yaralanıb (Trend).
Ermənistanın baş prokuroru Gevorq Kostanyan isə bildirib ki, silahlı qruplaşma könüllü təslim olarsa, onlara qaşrı yalnız "qanunsuz silah saxlama" maddəsi üzrə ittiham irəli sürüləcək.
Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.