Türkiyə Xarici İşlər Nazirliyinin 88 əməkdaşı işdən kənarlaşdırılıb. Onlardan ikisi səfirdir.
Baki-xeber.com xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir qiyamın təşkilində ittiham olan Fətullah Gülənlə əlbir olan hər bir kəsin hərtərəfli araşdırıldığını bildirib.
O qeyd edib ki, ötən il bu terrorçu təşkilatla əlbir olduqlarına görə 34, bu il isə daha 88 nəfər işdən kənarlaşdırıb.
M.Çavuşoğlu Türkiyə Xarici İşlər Nazirliyində yeni təmizləmələrin gözlənildiyini də deyib. Onun sözlərinə görə, Gülən terror təşkilatının tərəfdarları Türkiyə XİN-in strukturuna sıza biliblər.
XİN rəhbəri deyib ki, Türkiyənin Kazandakı konsulluğunda çalışan diplomat əməkdaşlardan biri Yaponiyaya qaçıb (Trend).
Onun sözlərinə görə, qaçan diplomatın Fəthullah Gülən terror təşkilatı ilə əlaqəsi olub.
Türkiyə XİN rəhbəri bildirib ki, Azərbaycan Fəthullah Gülən hərəkatı ilə mübarizəyə mühüm töhfə verib. Onun sözlərinə görə, Azərbaycanın Gülən hərəkatı ilə mübarizədə verdiyi dəstək Türkiyənin qardaş ölkələri üçün nümunə olmalıdır.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.