Türkiyədə ANK-AR tərəfindən aparılan son sorğunun nəticələrinə görə, prezident seçkilərində müxalifətin namizədləri AKP-li Prezident Rəcəb Tayyib Ərdoğanı geridə qoyur. ANK-AR Araşdırma şirkətinin 26–28 iyun tarixlərində keçirdiyi son sorğu göstərib ki, seçicilər həm Ərdoğana, həm də CHP qurultayı ilə bağlı “mütləq etibarsızlıq” (mutlak butlan) qərarına ehtiyatla yanaşırlar. Sorğuda prezident seçkiləri ilə bağlı üç fərqli ssenarinin hamısında CHP sədri Özgür Özəl, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Ərdoğandan öndə yer alır. Eyni araşdırmada “Özgür Özəl və dostları nə etməlidir” sualına iştirakçıların 39,6%-i “yeni siyasi partiya yaratmalıdır”, 24,2%-i isə “CHP daxilində mübarizəni davam etdirməlidir” cavabını verib. Özgür Özəlin rəhbərlik etdiyi CHP 34,8% səslə birinci yerdə qərarlaşıb, Kılıçdaroğlunun rəhbərlik etdiyi CHP isə 13,1% səs toplayıb. İştirakçıların 56,5%-i növbədənkənar seçki keçirilməsini istədiyini bildirib. Özgür Özəlin yeni siyasi partiya yaratdığı ssenaridə isə həmin partiya 34% səslə birinci yeri tutub.
Əli TURABOV