“Nələr söyləyə biləcəyini təxmin etsəm də, Kemal Kılıçdaroğlunun 2 saat yarımlıq çıxışını başdan axıra kimi izlədim. Proqram bitdikdə isə gəldiyim nəticə bay Kemalın halına üzülmək oldu. Onu çox yaxından tanıyan, hətta bir dönəm yaxınlığı olan biri kimi deyim ki, onun yerinə utandım...”
Bu sözlər məşhur yazar Səbahəddin Onkibara aiddir. Sözcü Gazete-sinin müxbirlərinin suallarını cavablandıran Kılıçdaroğlunun barəsində danışan yazar deyib ki, o bu vəziyyətə düşməməli idi. Kılıçdaroğlunun Xalq Alyansı ilə gizli bir içbirliyi içində olduğunun aşkar göründüyünü deyən yazar keçmiş CHP liderinin bu açıqlamalarını siyasi tükənmişliyin gerçək işarəsi adlandırıb: “Bütün sualların altında qaldı. 150 dəqiqə boyunca təkrar etdiyi tək şey mücərrəd özünü təmizə çıxarma çabaları idi ki, o dedikləri də gətirilən misallarla yerlə bir oldu”.
Sonda yazar deyib ki, Kılıçdaroğlunun veriliş boyu söylədikləri iqtidara təslimiyyətin şəksiz təzahürü idi.
“Əminəm ki, Kılıçdaroğlunu izləyən tamaşaçıların yüzdə doxsan doqquzu onun dilindən hərəkətlərinə haqq qazandıracaq bircə kəlmə belə eşitmədi” – deyən yazar bildirib ki, bundan sonra onu heç kimsə ciddiyə almayacaq.
Əli TURABOV