Arzuxan Əlizadə: “Avroittifaqın bu planı Ermənistan üçün önəmlidir, amma yetərli olmaya bilər”
Yayılan məlumatlara görə, Avropa İttifaqı Rusiyanın tətbiq etdiyi idxal məhdudiyyətlərinin təsirini kompensasiya etmək məqsədilə Ermənistana təcili ticarət dəstəyi paketi hazırlayır.
Belə ki, Avropa Komissiyası Ermənistanın ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına tətbiq olunan gömrük rüsumlarını azaltmağı nəzərdə tutan muxtar ticarət tədbirləri üzərində işləyir. Məlumata görə, Aİ ölkələrinin əksəriyyətinin və Avropa Parlamentinin təsdiqini tələb edən tədbirlər Rusiyanın qadağa tətbiq etdiyi təxminən 20 məhsul kateqoriyasının əksəriyyətini əhatə edəcək. Həmin məhsulların illik dəyəri təxminən 420 milyon avro təşkil edir.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikrincə, Avroittifaqın bu planı Ermənistan üçün önəmlidir, amma yetərli olmaya bilər: “Ümumilikdə, Ermənistan kimi əhalisi az olan ölkə üçün 420 milyonluq limit kiçik rəqəm deyil. Ancaq onu da nəzərə almaq lazımdır ki, Ermənistanın Rusiyadan asılılıq dərəcəsi çox böyükdür. Demək olar ki, Ermənistanda istehsal olunan aqrar məhsulların 90 faizi Rusiya bazarına ixrac edilir. Üstəlik, Ermənistanın dənizə çıxışı yoxdur. Həm də təkcə aqrar məhsulları idxal etməklə iş bitmir. Sabah Rusiya Ermənistana ixrac etdiyi qazın qiymətini artırsa onda necə olacaq? Avropa İttifaqı yaranan qiymət fərqini kompensasiya edərmi? Deməyim odur ki, Ermənistanın iqtisadi olaraq ayaqda qalmasında Aİ-nin davamlı yardımlarından çox şey asılıdır. Ancaq qurumun sözügedən məsələlərdə nə dərəcədə qətiyyətli olacağı aydın deyil. Təkcə vəd verməklə iş bitmir. Əslində belə baxanda Ermənistanın xilası Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərindən keçir. Bunun üçün də Ermənistan Konstitusiyasından Qarabağla bağlı maddə çıxarılmalıdır. Bu, sülh sazişini tezləşdirəcək. Türkiyəyə yönəlik ərazi iddialarına son qoyulmalıdır. Əfsuslar olsun ki, bu istiqamətdə Avroittifaq Ermənistana təsir etmir. Bunun əksinə olaraq Azərbaycanın maraqları nəzərə alınmadan Brüssel Türkiyə-Ermənistan sərhədlərinin açılmasına daha çox çalışır. Hesab edirəm ki, bu, yanlış yanaşmadır və regionda sağlam, dayanıqlı sülh və sabitliyə xidmət etmir”.
Vidadi ORDAHALLI