Ceyhun Məmmədov: “Azərbaycan bu amillərə qarşı birgə mübarizənin təşəbbüskarı kimi fəal şəkildə çıxış edir, buna öz töhfəsini verir”
“Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake”lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır”. Bu fikirlər Prezident İlham Əliyevin “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciətində yer alıb.
Prezident Əliyev bəyan edib ki, bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı, bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır...
Prezident deyir ki, yalan məlumatlar, saxta informasiyalar ölkələrin daxilində və ölkələrin arasında sabitliyə zərbə vurur.
Bu necə baş verir?
“Təəssüf ki, biz bütün dövlətlərin bu istiqamətdə səylərini görmürük”
Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə təəssüflə bildirdi ki, biz bu gün feyk xəbərlərin, manipulyasiyanın, saxta məlumatların sürətlə artığı və yayıldığı bir dövrə daxil olmuşuq. “Çox ciddi proseslərin getdiyi bir dövrdür. Dünyada olduqca ağır, mürəkkəb proseslər gedir. Bütün bunların fonunda da cənab Przidentin qeyd etdiyi kimi dövlətlərin üzərinə böyük məsuliyyət düşür. Bu proses dövlətlərarası münasibətlərə də ciddi zərər vurmaqdadır. Yəni bu hansısa bir dövlət haqqında başqa bir dövlət tərəfindən saxta, yalan məlumatlar hazırlanıb yayılaraq ikitərəfli münasibətlərin zədələnməsinə, korlanmasına səbəb olur. Buna ciddi cəhdlər edilir. Bu da informasiya mühitini kifayət qədər mürəkkəbləşdirir. Hesab edirəm ki, dünya dövlətləri bu prosesə qarşı birgə mübarizə aparmalıdırlar. Bu istiqamətdə birgə çalışmalı, səylərini birləşdirməlidirlər”-deyə millət vəkili bildirdi.
C.Məmmədovun sözlərinə görə, hər bir dövlət bu prosesin qarşısının alınmasına öz töhfələrinə verməlidir: “Təəssüf ki, biz bütün dövlətlərin bu istiqamətdə səylərini görmürük. Ancaq Azərbaycan bu amillərə qarşı birgə mübarizənin təşəbbüskarı kimi fəal şəkildə çıxış edir, buna öz töhfəsini verir və gələcəkdə də verəcək. Bu çox önəmli bir məsələdir”.
C.Məmmədov hesab edir ki, bütün dünya dövlətləri dövlətlərarası münasibətləri sarsıtmağa, zədələməyə yönələn bu mənfi tendensiyanın qarşısını birgə almalıdır.
İradə SARIYEVA