Faiq Ələkbərli: “Azərbaycan-Türkiyə münasibətləri genişlənib və yeni bir mərhələyə qədəm qoyub”
Məlum olduğu kimi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir. Forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, tədqiqatçılar iştirak edir.
Tədbir çərçivəsində regional təhlükəsizlik, xarici siyasət, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya və enerji sahələrində əməkdaşlıq perspektivləri əsas müzakirə mövzuları olacaq.
Bildirək ki, birinci Şuşa Forumu Azərbaycan və Türkiyə beyin mərkəzləri arasında institusional tərəfdaşlığın möhkəmlənməsi, ortaq elmi-analitik platformaların yaradılması və gələcək strateji təşəbbüslərin koordinasiyası baxımından əhəmiyyət kəsb edir.
“Birinci Şuşa Forumunda Azərbaycan-Türkiyə münasibətlərinin müzakirə olunması olduqca önəmlidir, türk dövlətləri dünyada yeni bir gücə çevriləcək”
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan-Türkiyə münasibətləri genişlənib və yeni bir mərhələyə qədəm qoyub. Bu hal bütün istiqamətlərdə özünü göstərir: “Azərbaycanla Türkiyə siyasi, mədəni, iqtisadi, hərbi və digər sahələrdə birlikdə yeni işlər görür. Əvvəllər Türkiyə ilə yalnız siyasi, iqtisadi, mədəni məsələlər haqda danışılırdı, ancaq bu gün bütün sahələr üzrə iki dövlət üçün önə çəkilib. Bu səbəbdən də Birinci Şuşa Forumunun keçirilməsi və orda beyin mərkəzlərinin formalaşması olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, bu gün və gələcəklə bağlı beyin mərkəzləri formalaşdırılmalıdır. Beyin mərkəzləri ona görə önəmlidir ki, biz keçmişə baxaraq, tarixə, mədəniyyətimizə nəzər yetirərək onların əsasında dünyada yeni bir gücə çevrilmək istəyirik. Artıq bu istəyin reallaşdırılması istiqamətində xeyli addımlar atılıb və atılmağa davam edir. Birinci Şuşa Forumunda Azərbaycan-Türkiyə münasibətlərinin müzakirə olunması olduqca önəmlidir. Türk dövlətləri dünyada yeni bir gücə çevriləcək”.
Günel CƏLİLOVA