Samir Hümbətov: “Orda Mahmud Abbasın da imzası olsaydı, nəticəyə ümid etmək olardı”
Oktyabrın 13-də Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində 4 dövlət - ABŞ, Türkiyə, Misir və Qətər Qəzza üzrə "Daimi sülh üçün Tramp bəyannaməsi" imzaladılar.
Bəyanatın sonunda liderlər “Biz bölgəmizdə qalıcı sülh və ümumi firavanlıq üçün birgə işləməyə sadiqik”-deyə vurğulayıblar.
Bu dövlətlərin atdığı imza Yaxın Şərqdə daimi sülhün təmin olunmasında nə dərəcədə yetərli olacaq? Onların birlikdə buna gücləri çatacaqmı?
“Adı sülh olacaq, amma görüntüsü...”
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Bakı-Xəbər”ə “ABŞ, Türkiyə, Misir və Qətər arasında belə bir bəyannamə imzalandı, bu sülh planının özünə baxanda görürük ki, Qəzza bir az da daraldı. Orda İsrailin manevr imkanları daha da artdı. Bu sülh planı deyil, bu, Qəzzanın təslim edilməsinin bir başqa versiyası kimi də qəbul edilə bilər. Ola bilsin ki, HƏMAS ordan çıxacaq, tam silahsızlaşdırılacaq, atəşkəs olacaq”-deyə bildirdi.
S.Hümbətovun fikrincə, amma bunu sülh planı kimi təqdim etmək o qədər də etibarlı sayılmır. “Ola bilsin, müharibə olmasın, amma nəzarət mexanizmlərinin əksəriyyəti İsarilin əlində qalır. O ərazi həm HƏMAS-dan, həm İsraildən təmizlənib ora indiki Mahmud Abbas hökumətinə verilsəydi, orda Mahmud Abbasın da imzası olsaydı, onda burda nəticəyə ümid etmək olardı”.
S.Hümbətov qeyd etdi ki, ola bilsin, atəşkəs olacaq, amma buna sülh demək olmayacaq: “Adı sülh olacaq, amma görüntüsü təslimiyyət olacaq. Sülh nə vaxt ola bilərdi? HƏMAS da qalardı və bir-birinə qarşı müharibə etməzdilər, dinc və əminamanlıq şəraitində yaşayardılar, bu o zaman sülh olardı”.
İradə SARIYEVA