Təbriz Musayev: “Əldə edilən razılaşma iki ölkə arasında mövcud olan gərginliyi tamamilə ortadan qaldıracaq”
Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərdə böhran olmayıb, bu, "emosiya böhranı" idi. Rusiya prezidenti Vladimir Putin Düşənbədə jurnalistlərə belə deyib.
“Əgər dövlətlərarası münasibətlərdə böhran olsaydı, onda bizim ticarət-iqtisadi əlaqələrimiz artmazdı. Bütün baş verənlərə, çətinliklərə baxmayaraq, əhəmiyyətli artım olub. Bu necə bir dövlətlərarası böhrandır? Deyərdim ki, bu, daha çox emosiyaların böhranı idi. Səbəbi də aydındır. Çox ağır, faciəvi bir hadisə baş verdi - təyyarə qəzası və sərnişinlərin ölümü. Bunu sakitcə araşdırmaq lazım idi. Bizə zaman lazım idi”, - Putin deyib.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, mülki təyyarəmizin vurulması Azərbaycanda ciddi etiraza səbəb olsa da, bu, dövlətlərarası böhrana səbəb olmadı: “Bu müddət ərzində Azərbaycan və Rusiya rəsmiləri arasında hansısa qarşılıqlı ittiham olmadı. Yalnız Rusiyanın müəyyən propoqandist media təmsilçiləri ölkəmizin ünvanına böhtan yağdırdılar, hədələdilər. Ancaq bunların heç biri Azərbaycanı geri çəkilməyə vadar edə bilmədi. Prezident İlham Əliyev böyük siyasi ustalıq və təmkinlə Azərbaycanın tələblərini ortaya qoydu. Bildirdi ki, qarşı tərəf buna görə üzr istəməlidir, dəymiş ziyan ödənilməlidir və günahı olanlar cəzalandırılmalıdır. Zamanında Rusiya tərəfi çevik formada adekvat tədbirlər görsəydi, iki ölkə arasında gərginlik 10 ay sürməzdi. Müxtəlif səbəblərdən bu, baş vermədi və bundan ən çox zərər çəkən Rusiya oldu. Ən nəhayət Düşənbədə prezident Putin gərəkən addımları atdı və bununla Rusiyanın məlum hadisədə günahkar tərəf olduğunu etiraf etdi. Təbii ki, Azərbaycan Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı deyildi. Ancaq bu, o demək deyildi ki, ölkəmiz təyyarənin vurulmasına göz yummalı idi. Bütün bunlar Azərbaycanın müstəqil siyasət yeritdiyini, ölkənin milli maraqlarının prioritet olduğunu ortaya qoydu. Nəticədə Azərbaycanın haqlı tələblərini Rusiya nəzərə almalı oldu. Güman edirəm ki, əldə edilən razılaşma iki ölkə arasında mövcud olan gərginliyi tamamilə ortadan qaldıracaq. Çünki münasibətlərin gərgin olması Azərbaycana qarşı olan dairələrin xeyrinə işləyirdi. Həmin dairələr əsasən həm Rusiyada, həm də Ermənistanda mövcuddur. Bundan öz maraqları üçün istifadə etməyə çalışırdılar. Ancaq Azərbaycan və Rusiya dövlət başçılarının Düşənbə görüşü onların planlarını pozdu”.
Vidadi ORDAHALLI