Fuad İbrahimov: “Heç bir dəhliz zaman baxımından Orta Dəhlizin göstəricilərini yerinə yetirə bilmir”
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında bildirib ki, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir:
“Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb”.
“... bütün bunlar türkdilli dövlətlərin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, biz illər öncə başladığımız xarici iqtisadi siyasətimizin bəhrəsini hardasa praktiki mərhələdə görürük: “Bir zamanlar çəkilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun bu gün nə qədər vacib əhəmiyyət kəsb etdiyini görürük. Şərq-Qərb nəqliyyat marşrutunun nələrə malik olduğunu görürük. Azərbaycan Şərqlə Qərb arasında regional nəqliyyat və enerji mərkəzinə çevrilir. Prezident xüsusi olaraq vurğuladı ki, dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Bu, iqtisadi-ticarət əlaqələrində çox vacib amillərdən biridir. Reallıq odur ki, heç bir dəhliz zaman baxımından Orta Dəhlizin göstəricilərini yerinə yetirə bilmir. İki həftə ərzində Çindən Avropaya yükaşırma prosesi həyata keçirilir. Bu, dünya iqtisadiyyatı, ticarəti üçün böyük göstəricidir. Orta Dəhliz qiymət əmələgəlmə prosesinə müsbət təsir edir. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımaların təqribən 90 faiz artması məhz bunun göstəricisidir. Ona görə də nəqliyyat və kommunikasiya əlaqələri türkdilli ölkələr üçün strateji əhəmiyyətə malikdir və bundan maksimum səmərəli istifadə etmək lazımdır. Biz bu logistika zəncirini daha da inkişaf etdirməliyik. Məlum olduğu kimi, avqustun 8-də Vaşinqtonda Zəngəzur dəhlizinin açılması ilə bağlı çox mühüm razılaşma əldə edilib. Özü də Orta Dəhliz təkcə Avropaya daşımalarda rol oynamayacaq. Eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bütün bunlar Azərbaycanda qeyri-neft sektorunun, yan sahələrin inkişafına töhfə verəcək. Özü də təkcə Azərbaycanın deyil, həmçinin dəhliz boyu yerləşən türkdilli dövlətlərin iqtisadi inkişafına təkan verəcək. Məsələn, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikilir. Çin sərmayəsi ilə tikilən bu yol Qırğızıstanda iqtisadi fəallığa praktiki olaraq müsbət təsir edir. Deməyim odur ki, nəqliyyat və kommunikasiya əlaqələri yeni-yeni fürsətlər yaradır. O baxımdan bütün bunlar türkdilli dövlətlərin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”.
Vidadi ORDAHALLI