Ümumilikdə AZAL təyyarəsinin qəzası ilə bağlı vəziyyət aydındır. Trend xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasının yekunlarına dair keçirdiyi brifinqdə deyib.
Rusiya dövlət başçısı qeyd edib ki, iş üzrə istintaq yekunlaşmaq üzrədir və bu prosesə beynəlxalq ekspertlər də cəlb olunub.
“Biz İlham Heydər oğlu ilə istintaqın obyektiv aparılması üçün bütün lazımi addımları atacağımıza razılaşdıq. Həm Dövlətlərarası Aviasiya Komitəsi (MAK), həm də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) onlara təqdim edilən bütün materiallardan istifadə edərək araşdırma apardılar. Hazırda istintaq başa çatmaq üzrədir. Ümumilikdə hər şey aydındır”, – deyə o bildirib.
Onun sözlərinə görə, mütəxəssislərin rəsmiləşdirməli olduğu bəzi texniki detallar qalıb.
“Ümidvaram ki, biz bu səhifəni artıq çevirmişik. İrəliyə doğru addımlayacaq, heç bir çətinlik olmadan əlaqələrimizi inkişaf etdirəcək və hər iki ölkənin malik olduğu böyük planları – həm logistika, həm sənaye kooperasiyası, həm də humanitar sahədə – gerçəkləşdirəcəyik”, - deyə Rusiya prezidenti vurğulayıb.