Aydın Mirzəzadə: “Türk xalqının özünün suverenliyini təsdiq etməsi həm digər türk dövlətlərinə nümunədir, həm də qürurvericidir”
Türkdilli dövlətlərin birliyinin dünyaya təqdimatında öz sözünü deyən Azərbaycan Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması istiqamətində mühüm addımları ilə diqqətdədir.
Oktyabrın 7-də Qəbələ şəhərində “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü bu reallıqlara bir daha diqqəti yönəltdi. Zirvə görüşündə Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması müzakirə olunub.
Ölkə başçısı İlham Əliyev qeyd edib ki, Vaşinqton Zirvəsi çərçivəsində ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırılıb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı deyib ki, bu tarixi sənəd iqtisadi, ticari, nəqliyyat kimi sahələrdə əməkdaşlıq imkanları təqdim edir.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev çıxışında qeyd edib ki, qədim Qəbələ şəhərində bir araya gəlmək, xüsusilə də Azərbaycan ilə Ermənistan arasında sülhün nizamlanması ilə bağlı Birgə Bəyannamənin imzalanmasından sonra toplaşmaq çox mühüm rəmzi məna daşıyır. O deyib: “Hörmətli dövlət və hökumət başçıları, Vaşinqtonda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin təmin edilməsi tarixi əhəmiyyətə malikdir və bu, Türk dünyasını geosiyasi səviyyədə gücləndirəcək”.
Zirvə görüşündə iştirak edən rəsmilər Vaşinqton Bəyannaməsini Türk xalqlarının zəfəri kimi qəbul edir. Maraqlıdır, bəs türk xalqları necə, Vaşinqton Bəyannaməsini Türk xalqlarının zəfəri, uğuru kimi qəbul edir?
“Türk dövlətləri hər zaman Azərbaycanın arxasında olub, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə inanıb və bu qələbəni öz qələbələri kimi qəbul edir”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki,Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dönəmdə türk dövlətləri hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “44 günlük Vətən müharibəsi zamanı da türk dövlətləri ölkəmizin yanında oldu. Bununla yanaşı, müxtəlif beynəlxalq tədbirlərdə, Türk Dövlətləri Təşkilatının tədbirlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verilib. Vaşinqton bəyannaməsi tək Azərbaycanın deyil, türk dünyasının qələbəsidir. Türk xalqının özünün suverenliyini təsdiq etməsi digər türk dövlətlərinə həm nümunədir, həm də qürurvericidir. Bu günlərdə Qəbələdə keçirilən məlum zirvə görüşündə türk birliyinin, türk dövlətləri arasında dostluq, qardaşlığın möhkəmlənməsi çox ciddi şəkildə ortaya qoyuldu. Dünya ölkələri bu gün türk dövlətlərinin bir-birinə dəstəyini görür və buna yüksək qiymət verir. Türk Dövlətləri Təşkilatı yeganə təşkilatdır ki, ildə iki dəfə sammit keçirir, biri rəsmi, digəri isə qeyri-rəsmi. Türk dövlətləri hər zaman Azərbaycanın arxasında olub, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəinə inanıb və bu qələbəni öz qələbələri kimi qəbul edir”.
Günel CƏLİLOVA