ABŞ prezidenti Donald Trampın Qəzzada müharibəni bitirməyi nəzərdə tutan Qəzza planını HƏMAS və İsrailin qəbul etməsindən sonra Misirdə başlayan atəşkəs danışıqları davam edir.
Ağ Evdə keçirilən tədbirdə çıxış edən ABŞ prezidenti Tramp, İsrail və HƏMAS arasında Misirdə gedən danışıqlara toxunaraq prosesin çox yaxşı getdiyini deyib: “Bu həftə Yaxın Şərqə gedə bilərəm. Bəlkə bazar günü. Razılaşma ehtimalı çox yüksəkdir. Qəzzada atəşkəslə bağlı razılığa gəlməyə çox yaxınıq".
Danışıqlar prosesinin yaxşı getdiyini vurğulayan Tramp, bir çox müsəlman ölkələrinin də bu prosesə qoşulduğunu və belə bir vəziyyətin əvvəllər baş vermədiyini bildirib: "Yaxın Şərq üçün sülh sazişinin gerçəkləşəcəyinə ümid edirik, hazırda çox yaxşı gedirlər. Bizim orada (Misirdə) böyük bir komandamız, böyük danışıqlar aparanlarımız var. Düşünürəm ki, bu anlaşma baş verəcək" deyib.
ABŞ dövlət katibi Marko Rubio da danışıqlarda irəliləyiş olduğunu deyib və hər an bölgəyə səfər edə biləcəklərini bildirib.
"Misirdə danışıqlar o qədər sürətlə irəliləyir ki, yaxın günlərdə ora getməyimiz gərəkə bilər. Yəqin ki, prezident Tramp da gedə bilər. İşlər yaxşı istiqamətdə gedir, amma hələ görüləsi işlər var" - deyə Rubio bildirib.
Qeyd edək ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi də Qəzza ilə bağlı sülh sazişi imzalanacağı təqdirdə ABŞ prezidenti Trampı imza mərasiminə dəvət edəcəyini bildirib. "Əgər razılaşma əldə olunarsa, imza mərasimində iştirak etsəniz, həqiqətən də əla olar" deyə o Trampa mesaj göndərib.
Türkiyə və Qətərin də danışıqlara qoşulacağı gözlənilir. Türkiyə MİT rəhbəri Kalının və Qətərin baş naziri əl-Taninin danışıqlarda iştirak etmək üçün Şarm əş-Şeyxə gedəcəyi açıqlanıb.
TAHİR