Üzeyir Davudov: “Qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geosiyasi mövqeyini daha da…”
Ölkəmiz daha bir mötəbər beynəlxalq tədbirə - Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünə ev sahibliyi etdi. Qəbələdə keçirilən sammit “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr edilib.
Məlumdur ki, Azərbaycan hər zaman türk dövlətləri arasında birliyə, həmrəyliyə layiqli töhfələr verir. Görüşdə çıxış edən ölkə başçısı İlham Əliyev qeyd edib ki, şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq: “Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir”.
Bildirildi ki, coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir. Maraqlıdır, bu birincilik Azərbaycana nə üstünlük verir?
İqtisadçı Üzeyir Davudov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan uzun illərdir qlobal enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda ölkəmiz 14 ölkəyə təbii qaz ixrac edir. Bu rəqəm regionda lider mövqe sayılır. Azərbaycan bərpaolunan enerji sahəsinə – günəş, külək və su enerjisinə böyük sərmayələr cəlb edir. Azərbaycan, Türkiyə, Orta Asiya və Avropa arasında “Yaşıl enerji dəhlizi”nin formalaşdırılması həm regionun enerji təhlükəsizliyinə, həm də ekoloji davamlı inkişafına töhfə verir və verəcək. Ümumiyyətlə, ölkəmiz alternativ enerji və qaz ixracı ilə bağlı məsuliyyəti tam şəkildə daşıyır və enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi çıxış edir. Dövlət başçısının çıxışında diqqətçəkən digər mühüm istiqamət yaşıl enerjiyə keçiddir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geosiyasi mövqeyini daha da möhkəmləndirərək, regionun enerji təhlükəsizliyinin güclənməsində Azərbaycanın rolunu gücləndirir.
Günel CƏLİLOVA