ABŞ prezidenti Donald Tramp ilk dəfə olaraq Ukraynaya “Tomahawk” raketləri göndərmək qərarına qeyri-müəyyən də olsa münasibət bildirib.
"Bəli, mən bununla bağlı qərarımı vermişəm" deyən Tramp "Ancaq mən dəqiq bilmək istəyirəm ki, bu raketləri hara və hansı məqsədlə göndərəcəklər. Mən mütləq soruşmalıyam" deyib.
Tramp həmçinin vurğulayıb ki, ABŞ-ın raketləri birbaşa Ukraynaya çatdıracağı, yoxsa NATO vasitəsilə satacağı ilə bağlı yekun qərar hələ verilməyib.
Bununla belə, “Reuters” yazıb ki, “Tomahawk”ın yerləşdirilməsi ehtimalı azdır və Vaşinqton daha çox Kiyevi daha qısa mənzilli sistemlərlə dəstəkləyəcək.
Məsələ ilə bağlı müzakirələr davam etdiyi bir vaxtda, Kreml Moskvanın belə bir addıma cavab verəcəyini açıqlayıb. "Bu raketlərdən Amerika əsgərlərinin birbaşa iştirakı olmadan istifadə edilə bilməz. Belə yerləşdirmə Rusiya ilə ABŞ arasında münasibətlərə ciddi zərbə vuracaq" – deyə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Tomahawk” 1970-ci illərdə General Dynamics tərəfindən hazırlanmış çoxməqsədli qanadlı raketdir. O, komanda mərkəzləri, radar stansiyaları, hava hücumundan müdafiə batareyaları və hava limanları kimi hədəfləri vurmaq üçün nəzərdə tutulub. Təxminən 885 km/saat (0,74 Mach) sürətlə uçan raket 1250 ilə 2500 kilometr arasında uçuş məsafəsinə malikdir. ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən geniş istifadə edilən “Tomahawk” dəqiq zərbə imkanları ilə tanınır və uzaqmənzilli əməliyyatlarda ən kritik silahlardan biri hesab olunur.
TAHİR