Rəsul Cahangirli: “Elə ölkələr var ki, orada olan neft-qaz Azərbaycandan qat-qat çoxdur, amma...”
“Neft, qaz, təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar”. Bunu Prezident İlham Əliyev Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında deyib.
Ölkə başçısının sözlərinə görə, hər bir ölkənin inkişafı onun elmi və təhsil potensialından qaynaqlanır: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu ölkələri inkişaf etmiş ölkələr edən məhz biliklərdir, təhsildir, texnologiyalardır. Bugünkü dünyada texnoloji inkişaf hər bir ölkənin uğurunu müəyyən edir. Təbii resurslarla zəngin olan ölkələr kimi Azərbaycan, ilk növbədə, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışmışdır. Çünki biz gələcəyə baxmalıyıq. Yenə də deyirəm, neft, qaz, təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar. Bu inkişaf qısamüddətli ola bilər. Uzunmüddətli dayanıqlı inkişaf məhz biliyin, texnologiyanın, təhsilin səviyyəsinin üzərində qurulur. Mən Prezident vəzifəsinə seçiləndən sonra demək olar ki, dərhal göstəriş vermişdim ki, Azərbaycan vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə Azərbaycan gəncləri ezam edilsin, onların bütün xərcləri dövlət tərəfindən ödənilsin və onlar yaxşı oxuyub Vətənə yaxşı mütəxəssislər kimi qayıtsınlar”.
“Son 5 ildə neft vəsaitləri əsasən işğaldan azad edilən rayonların bərpasına və yenidən qurulmasına yönəldilir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən ekspert Rəsul Cahangirlinin fikrincə, Prezidentin arqumentləri reallığa söykənir: “Həqiqətən də, neft-qaz, digər təbii resurslar o demək deyil ki, dayanıqlı inkişaf təmin ediləcək. Elə ölkələr var ki, orada olan neft-qaz Azərbaycandan qat-qat çoxdur. Ancaq həmin ölkələrdə dayanıqlı inkişaf yoxdur. Nəinki yoxdur, heç bunun əsasları belə yaradılmayıb. Neft-qaz gəlirləri heç orada stabillik yaratmağa belə kömək edə bilmir. Azərbaycanda isə tamam fərqli vəziyyət hökm sürür. Məsələ ondadır ki, böyük neft pulları hələ ölkəyə gəlməmiş 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. Xüsusən 2005-ci ildən başlayaraq ölkəyə böyük həcmdə neft pulları daxil olmağa başladı və həmin vəsaitlərin mühüm hissəsi Neft Fonduna yönəldildi. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul olundu. Bu proqram sayəsində çoxsaylı gənclər xaricdə təhsil aldılar. Həmin proqramın müddəti bitəndən sonra da yeni proqramlar qəbul edildi. Ümumilikdə, Azərbaycanda neftdən gələn gəlirlər infrastrukturun qurulmasına, qeyri-neft sektorunun inkişafına yönəldildi. Son 5 ildə isə, neft vəsaitləri əsasən işğaldan azad edilən rayonların bərpasına və yenidən qurulmasına yönəldilir”.
Vidadi ORDAHALLLI