Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiyaya qarşı yeni sanksiyalar paketinin təfərrüatlarını paylaşıb. Lyayen Aİ-nin artıq mərhələli sanksiyalar yanaşmasından imtina edəcəyini və daha sərt tədbirlər görəcəyini açıqlayıb.
"Rusiyaya təzyiqləri daha da artırmağın vaxtı gəldi. Bu məqsədlə sanksiyalara yeni yanaşma təklif etdik. Biz artıq mərhələli sanksiyalar təklif etmirik, enerji, maliyyə xidmətləri və ticarət sahələrində çox daha sərt tədbirlər təklif edirik" – deyən Avrokomissiya sədri bu bəyanatla Aİ-nin Rusiya ilə bağlı siyasətində mühüm strateji dəyişikliyə gedəcəyinə işarə edib.
Lyayen bəyan edib ki, bu tədbirlər hazırda müzakirə olunan 19-cu sanksiyalar paketinə daxil edilə bilər. Paketin ən qısa zamanda həyata keçiriləcəyi gözlənilir. Bu paketlə birlikdə Rusiyanın enerji sektoruna, maliyyə əməliyyatlarına və beynəlxalq ticarətə daha əhatəli məhdudiyyətlər qoymağı planlaşdırır.
“Bloomberg”in məlumatına görə, G7 ölkələri də Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə sərtləşdirilməsinə dair razılaşmaya yaxınlaşır.
Bütün bunlar Qərb dövlətlərinin Rusiyaya qarşı koordinasiyalı sanksiya strategiyası həyata keçirdiyini ortaya qoyur. Aİ və G7-nin eyni vaxtda atdığı addımlar Rusiya iqtisadiyyatına daha güclü təzyiq göstərmək məqsədi daşıyır.
Ekspertlər bildirirlər ki, bu yeni sanksiyalar paketi Rusiya iqtisadiyyatına ciddi təsir göstərə bilər. Bildirilir ki, enerji ixracına əlavə məhdudiyyətlər Rusiyanın apardığı müharibəni maliyyələşdirmək imkanlarını çətinləşdirə bilər.
Aİ və G7 ölkələrinin yekun qərarlarını yaxın həftələrdə açıqlayacağı gözlənilir.
TAHİR