Hüseyn İbrahimov: “İtaliya Avropa İttifaqında yeri və çəkisi olan, qurumun siyasətinə yön verən ölkələrdəndir”
Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır. Bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında deyib. Daha sonra dövlət başçısı bunları qeyd edib: “Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanıb. İkinci sənəd isə hərtərəfli strateji tərəfdaşlıq haqda birgə bəyannamə 5 il bundan əvvəl imzalanıb”.
Nəzərə alsaq ki, İtaliya Avropa İttifaqında iqtisadi gücünə görə 3-cü ölkədir, həmçinin İtaliyanın Aİ-də ciddi siyasi çəkisi var, o zaman belə bir strateji tərəfdaş Azərbaycan üçün nə deməkdir?
“Bütün bunlar – hərbi sahədə, digər sahələrdə əməkdaşlıq əsl strateji tərafdaşlıq sayəsində mümkün olub”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, İtaliya kimi bir ölkənin Azərbaycanın strateji tərəfdaşı olması mühüm əhəmiyyət kəsb edir: “Nəzərə almaq lazımdır ki, İtaliya Avropada sıradan bir ölkə deyil. İtaliya Avropa İttifaqında yeri və çəkisi olan, qurumun siyasətinə yön verən ölkələrdəndir. İtaliya şirkətləri Azərbaycanın sənaye və infrastruktur layihələrində aktiv iştirak edir. Sumqayıt Kimya Sənaye Parkında ortaq müəssisənin yaradılması, istilik elektrik stansiyalarının bərpası, işğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd” və sənaye parklarının qurulmasında İtaliya təcrübəsinin tətbiqi ikitərəfli əməkdaşlığın yeni istiqamətləridir. İtaliya 44 günlük Vətən müharibəsindən sonra Qarabağın bərpasında iştirak edən ilk Avropa ölkəsidir. Məsələ ondadır ki, İtaliya şirkətləri podratçı olaraq bərpa prosesində iştirak edirlər. Bu, elə bir dövr idi ki, bəzi Avropa ölkələri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmirdilər. Həmin ölkələrin Bakıdakı səfirlikləri xarici diplomatlarla birlikdə Şuşaya getməkdən imtina edirdilər. Fransa başda olmaqla, Belçika, Hollandiya parlamentləri Qarabağla bağlı qərəzli qətnamələr qəbul ediblər. Belə bir dövrdə İtaliya Aİ ölkəsi olaraq Azərbaycanla sağlam tərəfdaşlıq yolunu tutdu. İtaliya Azərbaycanla hərbi sahədə əməkdaşlıq edən ilk Avropa ölkələrindən biridir. Təkcə 2020-ci ilin fevralında Romada imzalanmış sazişlərin siyasi, iqtisadi, mədəni və hərbi sahələri əhatə etməsi bunun bariz nümunəsidir. Azərbaycan İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarələrini alır. “C-27J Spartan” tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunur. Bütün bunlar – hərbi sahədə, digər sahələrdə əməkdaşlıq əsl strateji tərafdaşlıq sayəsində mümkün olub. Bir sözlə, İtaliya təkcə Azərbaycandan qaz idxal edən ölkə deyil. İtaliya ölkəmizin həqiqi strateji tərəfdaşıdır”.
Vidadi ORDAHALLI