Bəhruz Quliyev:"Kapitulyasiya sözü Ermənistan üçün xoş olmasa da, bu, tarixi həqiqətdir"
BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycan tərəfinin Ermənistanın kapitulyasiyası haqqında danışmasını bəyənmir. Ermənistanın baş nazirinin baxış bucağından bu termin obyektiv reallıqdan ayrılmış aqressiv konnotasiyaya malikdir.
“Ancaq bu, əlbəttə ki, bizi əldə edilmiş sülhü qeyd etməkdən və bəyan edilmiş razılaşmaları yerinə yetirməkdən zərrə qədər də yayındırmayacaq... Mən təklif edirəm ki, azərbaycanlı həmkarım əsas diqqəti əldə olunmuş razılaşmaların çevik və dəqiq həyata keçirilməsinə yönəltsin”- Paşinyan deyib.
Paşinyan bildirib ki, "kapitulyasiya ifadəsi bizim xoşumuza gəlmir", yəni Ermənistan bu sözü xoşlamır.
Məgər kapitulyasiya həqiqət deyil? Kapitulyasiyanı niyə qəbul etmək istəmirlər?
"Ermənistan baş naziri Nikol Paşinyanın BMT-dəki çıxışında səsləndirdiyi “Azərbaycanın işlətdiyi kapitulyasiya ifadəsi xoşumuza gəlmir” fikri əslində rəsmi İrəvanın hələ də reallığı qəbul etməkdə çətinlik çəkdiyini göstərir. Məsələ burasındadır ki, kapitulyasiya sözü Ermənistan üçün xoş olmasa da, bu, tarixi həqiqətdir".
"Paşinyanın “bu sözü xoşlamırıq” deməsi sadəcə erməni cəmiyyətini aldatmaq, daxili auditoriyaya təsəlli vermək cəhdidir"
Bu sözləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Paşinyanın fikirlərinə münasibət bildirərkən "Bakı-Xəbər"ə deyib.
B.Quliyev əlavə edib ki, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanat məhz Ermənistanın kapitulyasiyası idi. O vurğulayıb ki, çünki müharibəni başlayan tərəf Ermənistan oldu, amma nəticədə Azərbaycanın dəmir yumruğu qarşısında diz çökdü, ordusu darmadağın edildi, yüzlərlə texnika və on minlərlə hərbi sursat sıradan çıxarıldı. "Ermənistan yalnız imza atmaqla canını qurtardı. Bu, klassik mənada kapitulyasiyadır və bundan qaçmaq mümkün deyil.
Paşinyanın “bu sözü xoşlamırıq” deməsi sadəcə erməni cəmiyyətini aldatmaq, daxili auditoriyaya təsəlli vermək cəhdidir. Çünki Ermənistan rəhbərliyi də yaxşı anlayır ki, həmin sənəd olmasaydı, Azərbaycan Ordusu Xankəndiyə qədər irəliləyəcək, Ermənistan ordusunu tamamilə sıradan çıxaracaqdı.
Azərbaycan Prezidentinin işlətdiyi “kapitulyasiya” ifadəsi isə tarixi və siyasi ədalətin özüdür. Ermənistan bu reallığı qəbul etmək istəsə də, istəməsə də, fakt budur ki, Qarabağ məsələsində qalib Azərbaycan, məğlub isə Ermənistan oldu.
Buna görə də Paşinyanın dedikləri siyasi manipulyasiyadan başqa bir şey deyil. Ermənistan rəhbərliyi gərək tarixi həqiqətləri inkar etməsin, əksinə, bu məğlubiyyətdən düzgün nəticə çıxarıb regionda davamlı sülhün təmin olunmasına çalışsın", - deyə siyasi şərhçi bildirib.
İradə SARIYEVA