Çin və Ermənistan strateji tərəfdaşlıq haqqında razılığa gəliblər. Müvafiq razılıq Çinin Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində keçirilən görüşdə əldə olunub. "Görüşdən sonra tərəflər Ermənistan və Çin arasında strateji tərəfdaşlığın yaradılmasını elan ediblər və bu barədə birgə bəyanat qəbul edilib", - deyə Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında bildirilir.
Paşinyan Çin sədri Si Cinpinlə görüşdə Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyini təsdiqləyib və ŞƏT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə dair razılıq əldə olunub.
Ermənistan hökumətinin məlumatına görə, Çin lideri bəyan edib ki, onun ölkəsi “Ermənistan Respublikasının siyasi müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir və regional kommunikasiya marşrutlarının açılmasını dəstəkləyir”.
Öz növbəsində Paşinyan bəyan edib ki, Ermənistan “vahid Çin” prinsipini dəstəklədiyini bir daha təsdiqləyir. Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir, Ermənistan istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşıdır və Çinin milli birləşmə səylərini dəstəkləyir, Ermənistan və Çin arasında strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyanatda deyilir.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Çinin sədri Si Cinpin də öz növbəsində Ermənistanı və Azərbaycanın ŞƏT-ə üzv olmasını dəstəklədiyini bildirib. Si Tyantszin sammiti çərçivəsində həm Paşinyan, həm də Azərbaycan prezidenti İlham Əliyevlə görüşlər keçirib.
TAHİR